On üç il əvvəl Vüsal Şilderin qətlini təşkil etmiş şəxsin məhkəməsi başladı

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əli-zadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Vüsal Şilderin atası, onun hüquqi varisi kimi tanınan Adolf Şilder və anası Mətanət Şilder də iştirak edib. Almaniyanın Bakıdakı səfirliyi Adolf Şilderi tərcüməçi ilə də təmin edib.

İclasda təqsirləndirilən vəkili cinayət işinə xitam verilməsi və ibtidai istintaqa qaytarılması barədə, həmçinin Xəyal Əli-zadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsi üçün vəsatət verib.

Prosesdə zərərçəkən tərəfin vəkili bildirib ki, iclasın gedişində Xəyal Əli-zadə cinayət işinin kimin sifarişi ilə törədilməsi barədə iş üçün mühüm hesab edilən məlumatlar versə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsinə etiraz etməyəcəklər.

Məhkəmə təqsirləndirlən şəxs barəsində açılan cinayət işinə xitam verilməsi, ibtidai istintaqa qaytarılması, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf öldürülüb.

Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əli-zadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əli-zadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır.

Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, qətlə yetirilən zaman Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Vüsal Şilderi övladlığa götürən Adolf Şilder “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəridir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button