“Ordumuz boş kəndləri, Xocalını nəzarətə götürməlidir” – “Rus sülhməramlıları buna mane ola bilməz”
“Qarabağda dastan yazan dövlət, ölkə daxilində separatçı quruluşun qalmasına necə izin verə bilər?”
Azərbaycan siyasi-diplomatik yollarla Qarabağa tam nəzarəti ələ almaq üçün müəyyən addımlar atmaqda davam edir. Erməni siyasətçilərin fikirləri də göstərir ki, Azərbaycan bir sıra məsələlərin həlli üçün rəsmi İrəvana qarşı kənardan bir o qədər də hiss edilməyən təzyiq siyasəti həyata keçirir. Bu prosesin nə qədər davam edəcəyi, Azərbaycanın hələ də tam azad olunmayan ərazilərlə bağlı problemi necə həll edəcəyi hazırda ən çox müzakirə edilən mövzudur.
“AzPolitika.info” bu aktual mövzuyla bağlı konfliktoloq, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elxan Mehdiyevin fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:
– Elxan bəy, Qarabağ problemi böyük ölçüdə həll edilsə də, bir sıra vacib və həyati əhəmiyyətli məsələlər hələ də öz həllini gözləyir. Söhbət Xankəndi, Xocavənd, Ağdərə və Xocalı rayonları üzərində Azərbaycanın dövlət suverenliyinin bərpasından gedir. Bu problemin həlli istiqamətində davam edən prosesi necə qiymətləndirirsiniz?
– Azərbaycan Laçın rayonunun bir hissəsi istisna olmaqla, işğal altındakı ətraf 7 rayonu azad edib. Digər tərəfədən, Azərbaycan uzun illər separatçı qüvvələrin əlində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa və Hadrut rayonlarını azad etsə də, Xankəndi, Ağdərə, Xocavənd və Xocalı separatçıların nəzarətində qalıb. Onların silahlı dəstələri hazırda bu ərazilərdə yerləşir. Müharibənin bitməsindən üç ay keçsə də, hələ ki, Azərbaycan həmin ərazilərdə suverenliyini bərpa etməyib. Prezident Putinin dediyi kimi, “status-kvo”-nu saxlayıblar. Yəni ki, rus sülhməramlı qüvvələrinin oraya daxil olması ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin geniş bir hissəsində “status-kvo” saxlanılıb. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev açıq dedi ki, biz məsələni siyasi müstəvidə həll etmək istəyirik. Yəni prosesin hərbi mərhələsi başa çatıb, indi siyasi mərhələ başlayıb. Siyasi mərhələdə rus quvvələrinin yerləşdiyi ərazidə də Azərbaycanın suverenliyinin bərpa olunmasını xalqımız səbirsizliklə gözləyir. Həm də ona görə ki, burada Xocalı var və Azərbaycan xalqı üçün onun nə məna daşıdığını şərh etməyə ehtiyac yoxdur. Bu ərazi, eləcə də Çərəktar, Umudlu, Qaradağlı, Quşçular, Malıbəyli, Kosalar kimi kəndlər qarşı tərəfin əlindədir. Lakin məsələ ondadır ki, bu kəndlərin çoxu boşdur. Məsələn, Ağdərənin bir sıra kəndləri Kəlbəcər işğal olunandan sonra Şaumyan adı ilə Kəlbəcərə birləşdirilmişdi. Həmin kəndlərin 2020-ci ilin noyabrına qədər Ağdərə ilə heç bir əlaqəsi yox idi. Söhbət Umudlu, Sırxavənd, Çərəktar və digər kəndlərdən gedir. Kəlbəcər Azərbaycanın nəzarətinə keçdikdən sonra bu kəndlərin “sakinləri” olan gəlmə ermənilər evlərini yandırıb oradan qaçdılar. İndi Kəlbəcərlə sərhəddə olan bu kəndlər boş qalıb. Biz, həmin kəndlərin azərbaycanlı əhalisini tezliklə geri qaytarmasaq, ermənilər boşluqdan istifadə edib bu kəndləri məskunlaşdıracaqlar. Başqa sözlə, orada bu cür həllini gözləyən məsələlər var.
Görünən budur ki, Azərbaycan və Rusiya bu məsələyə geniş prizmadan yanaşan mövqe ortaya qoyub. İlkin olaraq bölgədə sülh və əməkdaşlığı irəli çəkərək, ölkələrin iqtisadiyyatına təkan verən addımlar atmağa çalışırlar. Yəni, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq olarsa, aradakı düşmənçilik, nifrət və qəzəb sülh və əməkdaşlıq istiqamətinə yönələr. Kommunikasiyaların açılması məhz belə geniş baxışa xidmət edir. Başqa sözlə, Azərbaycandan Naxçıvana və Türkiyəyə, Türkiyədən Azərbaycana və Orta Asiyaya, Ermənistandan Naxçıvandan keçməklə İrana, daha sonra Azərbaycana, Azərbaycan ərazisindən keçməklə Rusiyaya çıxmaq, eləcə də Rusiyanın Ermənistana, İrana və Türkiyəyə çıxış əldə etmək imkanları açılır. Bu da regional əməkdaşlığa və iqtisadiyyatın canlanmasına xidmət edəcək.
– Azərbaycan olaraq biz hansı siyasi-diplomatik, hərbi-siyasi vasitələr və yollar hesabına iqtisadi canlanmadan sonra nəzarətsiz qalan ərazilərimizdə suverenliyimizi bərpa edə bilərik?
– Şəxsən mənim fikrimcə, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti ilə kommunikasiya məsələsini bir-birinə bağlamaq düzgün deyil. Müharibədən sonrakı dövrün öz qanunauyğunluqları var. Azərbaycan qalib tərəfdir. Qalib tərəf müharibə bitən kimi, yəni qarşı tərəf kapitulyasiyaya imza atdıqdan sonra özünün maraq və məqsədlərinə uyğun olan məsələləri həll edir. Mən deyərdim ki, indi Azərbaycan tərəfi gecikir, amma demirəm ki, gecdir. Biz bunu dekabr ayından deyirik ki, əsgərimizin gedib Ağdərənin kəndlərində nəzarəti ələ götürməsinə heç kim mane ola bilməz. Çünki Azərbaycan qalibdir, erməni məğlub tərəfdir. Orada hər hansı erməni silahlı dəstəsinin gəlib Azərbaycan əsgərinə müqavimət göstərməsi mümkün deyil və buna ermənilər risk etməz. Üstəlik, rus sülhməramlıları da nə gəlib oradakı kəndlərdən Azərbaycan əsgərini çıxarmaq iqtidarındadır, nə də bu iş onun missiyasına aiddir. Çünki məlum 10 noyabr bəyannaməsində yazılıb ki, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxan qaçqınlar öz yerlərinə qayıtmalıdır. 10 noyabrdan bu yana 52 min erməni Dağlıq Qarabağa qayıtdığı halda, bir azərbaycanlı belə həmin əraziyə qayıtmayıb. Həmin bəyanat müstəsna olaraq ermənilər üçün deyil, hər iki tərəf üçün yazılıb. Bu baxımdan Azərbaycan əhalisinin təhlükəsizliyi üçün bizim əsgərimiz, hüquq-mühafizə və təhlükəsizlik qüvvələri bu kəndlərə, o cümlədən Xocalıya getməli, oranı nəzarətə götürməli idi. Eynilə də Laçın rayon mərkəzini. Laçın rayon mərkəzi ermənilərə verilməyib, sadəcə, yol rus sülhməramlıları tərəfindən nəzarətə götürülüb. Belə çıxır ki, Qarabağda harada rus qüvvələri var, orada Azərbaycan əsgəri olmamalı və azərbaycanlı qaçqınlar öz evlərinə qayıtmamalıdır?
– Siz hesab edirsiniz ki, harada rus sülhməramlısı varsa, orada Azərbaycan əsgəri də ola bilər?
– Təkcə Azərbaycan əsgəri deyil, rus qüvvələri olan yerdə azərbaycanlı kəndçisi və qaçqınları da yoxdur. Mən heç də iddia etmirəm ki, bu, Rusiyanın tələbidir. Bunu demək üçün heç bir əsasım yoxdur. Amma təəssüf ki, real vəziyyət belədir. 10 noyabr razılaşmasında yazılıb ki, Laçın rayonu dekabrın 1-nə qədər Azərbaycanın nəzarətinə verilir, Laçın dəhlizi isə 5 kilometr enində olmaqla rus sülhməramlılarının nəzarətinə keçir. Özü də sadəcə, yolun təhlükəsizliyi baxımından. Laçın camaatının qayıtmasının yolun təhlükəsizliyi ilə nə əlaqəsi var? Belə çıxır ki, Laçında erməni yaşaya bilər, azərbaycanlı yox? Azərbaycanlı qaçqın əhalisi niyə Laçın şəhərinə qayıtmasın, orada yerləşdirilməsin? Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən rayonlarımız arasında qaçqınların yaşaması baxımından nisbətən ən normal vəziyyətdə olan elə Laçın rayon məkəzidir. Eləcə də Ağdərənin Çərəktar, Umudlu, Sırxavənd kimi böyük və strateji kəndləri. Habelə, Şuşanın Kosalar başda olmaqla əksər kəndləri.
Ən önəmlisi isə Xocalıdır. Xocalının, belə demək mümkünsə, mənəvi haqqı bütün kəndlərdən və rayonlardan üstündür. Bizim əsgərlərimiz Xocalını azad etmək üçün yola çıxmışdı. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik qüvvələrinin gedib orada yerləşməsinə heç kim mane ola bilməz. Çünki söhbət qaçqınların oraya qaytarılmasından gedir. Odur ki, indi regional əməkdaşlıq və tərəfdaşlıq prosesinin getdiyi zaman Azərbaycan tərəfinin bu addımları atmasına nəyin mane olduğunu, açığı, anlaya bilmirəm.
Yeri gəlmişkən, Xocalı soyqırımı günü yaxınlaşır. Biz indi xocalılara nə deyəcəyik? İndiyə qədər deyirdik ki, Qarabağ erməni işğalındadır. İndisə deyirik ki, torpaqlarımızı işğaldan azad etmişik. Bəs onda Xocalı hanı?
Məncə, Azərbaycan tərəfi bu məsələlərlə bağlı izahat vermir və bu boşluqdan istifadə edən erməni terrorçu-separatçı qüvvələri təşəbbüsü ələ alaraq Xocalıya və digər kəndlərə azərbaycanlıların qayıtmasının mümkünsüz olduğunu deyirlər. Azərbaycan dövləti bunları etmək iqtidarındadır və onun qarşısında duracaq güc yoxdur. Sözsüz ki, oradakılar düşmən qüvvədir, dövlətə qarşı silah qaldıran tərəfdir və azərbaycanlıların gəlib bu kəndlərdə yaşamalarını istəmirlər. Ona görə də hesab edirəm ki, nəzarətdən kənar ərazilərdəki terrorçular, separatçılar, işğalçılar zərərsizləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, onlar Xankəndidəki mülki erməniləri də qorxu içərisində saxlayır və 27 sentyabrdan öncəki mühiti saxlamağa çalışırlar.
– 10 noyabr razılaşmasında sülhməramlıların gəlişilə bütün erməni silahlı qüvvələrinin ərazini tərk etməsi qeyd olunub. Ancaq indiyə qədər bu proses baş verməyib. Bunu nə ilə əlaqələndirirsiniz?
– Onunla əlaqələndirmək olar ki, həm Ermənistan hakimiyyəti, həm də Xankəndidəki separatçı qüvvələr oradan tamamilə çıxmaq istəmirlər. Rusiya qüvvələri isə onların çıxarılması haqda Moskvadan əmr almayıb. Prosesin görünən tərəfi budur. Məncə, bu məsələdə Azərbaycan tərəfi təzyiq göstərməlidir. Əks təqdirdə, həmin qüvvələr ən azından hərbi qüvvə işlədilənə qədər orada qalacaqlar.
– Yəni hərbi əməliyyatların bərpası mümkündür?
– Nəticə olaraq, Azərbaycanın təhlükəsizlik strukturları, kəşfiyyatı hər şeydən xəbərdardır. Oradakı qüvvələrin sayını, texnikasını, imkanlarını bilir. 44 günlük müharibə ilə böyük dastan yazdıqdan sonra, bu dövlət ölkə daxilində hərbi qüvvələri olan separatçı quruluşun qalmasına necə izin verə bilər? O zaman bu problem həll edilməmiş qalır. Mən də ona görə qeyd edirəm ki, hərbi faza başa çatıb, indi qalan problemlər siyasi və hüquqi müstəvidə həll edilməlidir. Siyasi yol da odur ki, bu ərazidəki hakimiyyət strukturlarının statusu müəyyən olunmalıdır. Hələ ki, bununla bağlı qeyri-müəyyənlik var.
– Azərbaycan tərəfinin mövqeyinə görə, status məsələsi gündəmdən çıxıb, tarixin zibilliyinə atılıb. Ancaq İrəvandakı siyasi qüvvələr və Rusiya rəhbərləri daim status məsələsini qabardır və ona gələcəkdə qayıdılacağını ifadə edirlər. Sizcə, söhbət hansı statusdan gedə bilər?
– Statusun gələcəyin işi olması haqda fikirlərin haradan gəldiyi bəllidir. Bu məsələ gələcəyə qalsa, Azərbaycan böyük problemlə üzləşəcək. Unutmayaq ki, indi Azərbaycanın ən güclü, Ermənistanın isə ən zəif dövrüdür. Əgər status indi müəyyən olunarsa, Azərbaycan istədiyini edər, nə istəsə onu da qazanar.
Digər tərəfdən, Azərbaycan elan edir ki, statusu tarixin zibilliyinə atdıq. Bəs o zaman Xankəndinin, Xocalının, Ağdərənin statusu hanı? Axı bu ərazilərdə bizim hakimiyyətimiz yoxdur. Orada yaşayan ermənilərin statusu nədir? Biz gedib Xankəndində Azərbaycan pulu ilə bir şüşə su ala bilərikmi? Orada hüquq sistemində hansı qanunlar işləyir? Buradakı hakimiyyət strukturlarının büdcəsi, pul vahidi, məhkəmə sistemi nədən ibarətdir? Yəni ki, yenidən reinteqrasiya olmaq üçün yüzlərlə məsələ var. Orada yaşayan əhalinin və rayonların statusu müəyyən olunmalıdır. Təbii ki, burada Azərbaycan üçün psixoloji məqam da var. Status deyəndə biz bunu həssas qəbul edirik. Çünki ermənilər hər zaman “status” deməklə, bölgənin Azərbaycandan ayrılmasını bizə qəbul etdirməyə çalışıblar. Ancaq mən “oradakı əhali və yaşayış məntəqələrinin statusu müəyyənləşməlidir” dedikdə heç də oraya yüksək dərəcəli muxtariyyət və ya hər hansı bir muxtariyyət verilməsini nəzərdə tutmuram. Bu, artıq mümkün deyil. Bizim hökumətin dediyi kimi, belə məntiqə əsaslanan status tarixin zibil qutusundadır. Amma sən, bu bölgənin statusunu o zaman müəyyən edirsən ki, öz hakimiyyətini orada qurursan. Biz istəyirik ki, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı da digər rayonlarımızla eyni statusda, fəaliyyətdə olsun. Biz bu cür statusdan danışırıq, amma bu, yoxdur. Əvəzində, orada Azərbaycanın suverenliyindən kənar, bir qrup erməninin idarə etdiyi 27 sentyabrdan öncəki “status-kvo” qalır. İkincisi, Azərbaycan dövlət sərhədinə nəzarət etməli, bu işi yoluna qoymalıdır. Yəni ilk növbədə Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyi üçün Laçın ərazisində Ermənistanla sərhəd-keçid məntəqəsi qurulmalıdır. Gediş-gəlişlər dövlətlərarası kontekstə salınmalıdır. Bu məsələlər şübhəsiz ki, tənzimlənməlidir. Rus qüvvələri də dəhlizin təhlükəsizliyini təmin etsin, onların 5 il ərzində bu işi görməsi üçün razılıq var. Lakin sərhədi Azərbaycan əsgəri qorumalıdır…
– Sadaladığınız bu problemləri kommunikasiyaların açılması, yolların işlək vəziyyətə gətirilməsi və regionda iqtisadiyyatın inkişafı ilə həll etmək mümkündürmü?
– Əlbəttə, mümkündür. Mən fikirlərimi ittiham etmək məqsədilə demirəm, sadəcə, real mənzərəni təsvir etməyə çalışıram. Kommunikasiyaların açılmasına dair baş nazirlərin müavinlərindən ibarət komissiya yaradılıb. Ermənistanda kimlərin bu komissiyada təmsil olunduğu bəllidir. Səhv etmirəmsə, burada Xarici İşlər Nazirliyinin, Sərhəd Qoşunlarının və s. təmsilçiləri var. Bu, onu deməyə əsas verir ki, bir çox məsələlər komissiya çərçivəsində müzakirə edilir. Laçında dövlət sərhədi məsələsini həll etmək vacibdir. Biz Gürcüstanla, qardaş Türkiyə ilə sərhədlərimizi qoruyuruq. Ola bilməz ki, düşmənlə sərhədimiz nəzarətimizdən kənarda qalsın. – İndiki mərhələdə Türkiyənin prosesdə rolunu necə şərh etmək olar, Ankara qeyd etdiyiniz vacib məsələlərin həllində Azərbaycana hansı dəstəyi göstərə bilər?
– Rusiya ən yüksək səviyyədə qəbul edir ki, artıq Türkiyə regiondadır, Azərbaycandadır və Azərbaycanın ən yaxın müttəfiqidir. Türkiyənin regionda olmasını ruslar əvvəllər olduğu kimi qəzəblə deyil, reallıq kimi qəbul edirlər. Türkiyəsiz də burada heç bir işin getməyəcəyini yaxşı bilirlər. Türkiyənin regionda olması, zənnimcə, Azərbaycana böyük güvənc verir, ermənilərin hər hansı bir hərbi fəallıq perspektivini sıfıra endirir. Regionda Türkiyənin rolu daha çox rus qüvvələrinin birtərəfli hərəkət etməsinin qarşısını alan amildir. Bu baxımdan Türkiyənin orada olması bu balansı qoruyub saxlayır.
– Yaxın tariximizi nəzərə alaraq, Rusiyanın Dağlıq Qarabağda şəffaf fəaliyyətinə və əldə olunan razılaşmaya tam riayət edəcəyinə güvənmək nə dərəcədə doğru olar?
– Rus qüvvələrinin Dağlıq Qarabağda tarixi təcrübəsi Azərbaycan xalqının yaddaşındadır. Düşünürəm ki, xalqımızın 90 faizi heç də xarici qüvvələrin burada olmasını bəyənmir. Ancaq bu, bir reallıqdır, artıq razılıq verilib. Bundan sonra rus qüvvələrilə bağlı düşmən imici yaratmaq, hər gün onlara qarşı kampaniya aparmaq maraqlarımıza uyğun deyil. Biz rus qüvvələri ilə Azərbaycan Ordusunun əməkdaşlığını quraraq, bölgədə ortaya çıxan məsələləri birlikdə həll edə bilərik. İşləri onlarla dostluq və qarşılıqlı münasibət üzərində qurmalıyıq. Əlbəttə, oradakı əsgərlərin əziyyəti də var. Qışın bu soyuğunda avtomobilləri yoxlayır, ərazidə mina axtarırlar və s. Bunları qeyd etməklə yanaşı tarixi təcrübəyə əsaslanaraq, hamı bu işdə ayıq olmalıdır. Zənnimcə, Azərbaycan da məlum keçmiş dövrün Azərbaycanı, elə ordumuz da o dövrün ordusu deyil. Həm də bölgədə Türkiyə var. Odur ki, düşmənçilik siyasətinin və kampaniya aparmağın faydası yoxdur. Biz tarixi yaxşı bilirik, amma həm də yaranmış reallığı görmək lazımdır. Azərbaycan Ordusunun Rusiya sülhməramlıları ilə dostluq üzərində qurulmuş qarşılıqlı əməkdaşlığı onların Qarabağdakı missiyasının vaxtında başa çatmasına xidmət edər.