Ordumuz Qafandan Aqaraka gedən yolu nəzarətə götürdü
“Ermənistanın Qafan şəhərindən Aqarak (Əkərək) kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçib”.
“Sputnik” Ermənistanın məlumatına görə, bu barədə Qafan meri Gevorq Parsyan parlamentdə çıxışı zamanı bildirib.
“Azərbaycan tərəfi Sünik rayonundan 100 metr məsafədə dayanıb. Qafana qədər məsafə bir kilometrdir”, – deyə mer bildirib.
O, həmçinin Qafan şəhəri və bir sıra digər yaşayış məntəqələri ətrafındakı strateji əhəmiyyətli yüksəkliklərin Azərbaycan tərəfinin nəzarətinə keçdiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Vətən müharibəsində zəfər qazanmaqla tarixi ədalətin bərpasına nail olub. İşğal altında olan torpaqlarımız düşməndən azad edilib. İndi isə Azərbaycanın dövlət sərhədinin tam şəkildə bərpası prosesi gedir.
Tarix boyu məkrli əməllərindən əl çəkməyən ermənilər işğal altındakı rayonlarımızın da sərhədlərində dəyişiklik ediblər. Uzun illər Azərbaycanın işğal altındakı torpaqlarını bir gün mütləq qaytaracağı həqiqətini dərk edən ermənilər bu zaman az da olsa, torpaq “qopartmaq” niyyəti ilə bir sıra yaşayış yerlərini Ermənistanın rayonlarının inzibati bölgüsünə daxil ediblər.
Lakin onların bu “fırıldağı” da baş tutmur. Çünki döyüş meydanında və siyasi arenada qalib gələn Azərbaycan haqq mübarizəsində düşmənə bir qarış torpağını belə güzəştə getmək niyyətində deyil.
Elə Qafan merinin parlamentdə həyəcan təbili çalan çıxışı da Azərbaycanın Ali Baş Komandanının, hərbçilərinin və qalib xalqının qətiyyətini göstərir.