Ordumuzun Laçın istiqamətində irəliləyişi nə yerdədir? – Polkovnik cavab verdi

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı plan üzrə gedir və buna Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir. Azərbaycan Ordusu əsasən 3 rayon ərazisində əks hücum əməliyyatı aparır. Bu, geniş cəbhədir”.

Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, 3 rayonun haradasa 40-50 kilometr enində cəbhədə döyüşlər gedir: “Bu, onu göstərir ki, Azərbaycan ordusu dayanmayıb. Milli Ordumuz öz torpaqlarını və yaşayış məntəqələrini düşməndən azad edir və gələcək döyüşlər üçün şərait hazırlayır.

O ki qaldı Qubadlıya, bu istiqamət bizim üçün daha önəmlidir. Çünki ora Laçın istiqamətidir. Həmin istiqamətdə Azərbaycan Ordusunun bölmələri uğurla döyüşür, irəliləyir. Hər bir yaşayış məntəqəsi bizi Laçın dəhlizinə – düşmənin təminat yolunun şah damarına yaxınlaşdırır.

Döyüşlər artıq dağlıq və meşəlik ərazilərdə gedir. Təbii ki, hər bir təpə və yüksəklik bizim üçün vacibdir. Çünki o istiqamət və relyefdə təpələr həm taktiki, həm də digər cəhətdən üstünlük təşkil edir”.

Qeyd edək ki, Azərbaycan Ordusu dünən Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button