Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Yanvarın 15-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 108, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 və dələduzluğa görə axtarışda olan 5 nəfər aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 21 kiloqrama yaxın heroin və 53,5 kiloqramdan çox marixuana, həmçinin 152 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər də saxlanılıb.
Polise.az



