Otuz bir il əvvəl uğurla yekunlaşan Horadiz əməliyyatı düşməni dəyirmi masa arxasında oturmağa məcbur edib

Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 31 il ötür.

1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan Bayrağını ucaldıblar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

Polise.az xəbər verir ki, bu münasibətlə əməliyyatın iştirakçısı olmuş 702 saylı briqadanın keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər. Həmçinin İkinci Şəhidlər xiyabanında uyuyan qəhrəmanların da məzarları ziyarət olunub.

Horadiz əməliyyatının iştirakçıları – ikinci batalyonun komandiri Zahir Həsənov, ehtiyatda olan kapitan, batareya komandiri Bərəhman Zairov, ikinci qrup Qarabağ əlili Habil Məmmədov və həmin əməliyyatın iştirakçısı olmuş şəhid Qasim Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov mediaya müsahibələrində əməliyyatın keçirilməsindən, Azərbaycan Ordusunun ozamankı dövr üçün qazandığı bu nailiyyətin əhəmiyyətindən danışıblar. Bildirilib ki, 11 min əsgər və zabit həmin əməliyyatın iştirakçısı olub. Əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbə düşməni dəyirmi masa arxasına gətirib. Nəticədə atəşkəs elan olunub.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button