Özbəkistan nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunda olub

Özbəkistan Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunda olub.
Bu barədə Polise.az -a institutdan məlumat verilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə institutun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib. Məhəmmət Quluzadə institutun insan hüquqları sahəsində apardığı maarifləndirici tədbirlər barədə danışarkən ötən il yerli icra hakimiyyətlərinin və DİN-in əməkdaşlarına, məhkəmə işçilərinə, həmçinin vəkillərə və hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarla bağlı silsilə təlimlərin təşkil olunduğunu diqqətə çatdırıb. O, institutda “İnsan hüquqları virtual kitabxanası”nın fəaliyyət göstərdiyini, kitabxananın oflayn versiyasının qadın cəzaçəkmə müəssisəsində də yaradıldığını və istifadəçilərə xidmət göstərən kitabxananın hüquq vəsaitlərinə böyük tələbat olduğunu bildirib.
Akmal Saidov Özbəkistan adından beynəlxalq təşkilatlara təqdim olunan insan hüquqlarına dair bütün hesabatların Ali Qanunvericilik Palatası ilə məsləhətləşdirildiyini söyləyib. Akmal Saidov Özbəkistanda da Hüquq və İnsan Haqları İnstitutu kimi fəaliyyət göstərən və cəmiyyətin maarifləndirilməsi üçün mühüm tədbirlər həyata keçirən analoji qurumun – Milli İnsan Hüquqları Mərkəzinin olduğunu qeyd edib, gələcəkdə bağlanılacaq ikitərəfli əməkdaşlıq sazişinin çox faydalı olacağını vurğulayıb. Eyni zamanda, Azərbaycanın insan hüquqları sahəsində həyata keçirdiyi bir neçə vacib təcrübənin Özbəkistanda da icrasının əhəmiyyətli ola biləcəyini söyləyib. Akmal Saidov bu yaxınlarda Özbəkistanda “İnsan Hüquqları Evi”nin açılacağı barədə məlumat verib.
Görüşün sonunda Məhəmməd Quluzadə Özbəkistan nümayəndə heyətinə institutun fəaliyyətindən bəhs edən, o cümlədən tədqiqatçı-alimlərin əməyinin bəhrəsi olan hüquq, beynəlxalq hüquq sahələrinə aid və mədəni abidələrimizin tarixini əks etdirən dəyərli kitablar təqdim edib.
Polise.az



