Özbəkistan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə rəsmi səfərdədir.

Polise.az  xəbər verir ki, Özbəkistan Prezidentinin təyyarəsi axşam saatlarında Ankaranın Esenboğa hava limanına enib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfərlə iki ölkə arasında yüksək səviyyəli strateji əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir.

Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələri sürətli inkişaf tempi ilə davam edir. Belə ki, 2 ölkə arasında 2016-cı ildə 1 milyard 242 milyon dollar olan ticarət dövriyyəsi ötən il 3,1 milyard dollara çatıb. Hazırda Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət ortağıdır. Ötən il Türkiyənin Özbəkistana ixracı 1 milyard 851 milyon 200, idxalı isə 1 milyard 248 milyon ABŞ dolları olaraq hesablanıb. İki ölkə arasında 3 milyard dollar olan illik ticarət həcminin ilk mərhələdə 5 milyard, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırılması hədəflənir.

Ötən il Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra aparılan yenidənqurma işlərində Özbəkistan da iştirak edir. Hazırda Özbəkistan yeraltı təkanlardan ən çox zərər görən vilayətlərdən olan Hatayda 306 mənzillik yaşayış kompleksi inşa edir. Bu mənzillərin yaxın vaxtlarda sahiblərinə təhvil verilməsi planlaşdırılır.

İki ölkə arasındakı əlaqələr bir çox sahədə olduğu kimi, təhsildə də inkişaf etməkdədir. “Türkiyə-Azərbaycan Universiteti” modeli əsasında Türkiyə-Özbəkistan Universitetinin təşkili istiqamətində iş aparılır. Bu il bu ali təhsil müəssisəsinin qurulması ilə bağlı konkret addımların atılması gözlənilir.

Qeyd edək ki, cari ilin mart ayında iki ölkə arasında diplomatik münasibətlərin 32-ci ildönümü qeyd edilib. Bu münasibətlərin təməli Özbəkistanın müstəqilliyini əldə etdikdən sonra bu ölkədə ilk səfirliyin Türkiyə tərəfindən açılması ilə qoyulub. Əlaqələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildə Səmərqəndə səfəri ilə inkişaf mərhələsinə keçib. Bu ziyarətin ardından 21 illik fasilədən sonra 2017-ci ildə Özbəkistan Prezidenti Türkiyəyə səfər edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button