Özbəkistan səfiri: “Azərbaycan xalqı növbəti dəfə düzgün seçim edib”
Müdrik Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə ölkənin parlaq gələcəyinə, firavanlığına, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və beynəlxalq aləmdə yeni irimiqyaslı uğurlara imza ataraq növbəti dəfə düzgün seçim etdi.
Polise.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.
“Qardaş Azərbaycanı və Prezident İlham Əliyevi növbəti inamlı qələbə münasibətilə təbrik edirəm. Növbədənkənar prezident seçkilərində hörmətli İlham Əliyevin qələbəsinə heç bir şübhəmiz yox idi. Müdrik Azərbaycan xalqı növbəti dəfə düzgün seçim etdi, bacı-qardaşlarımız ölkənin işıqlı gələcəyinə, onun çiçəklənməsinə, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə yeni irimiqyaslı uğurların əldə olunmasına səs verdilər”, – səfir bildirib.
B.Aşrafxanov qeyd edib ki, seçkilər Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün ən yaddaqalan seçkilərdən biri oldu: “Biz bacı-qardaşlarımıza, xüsusən də səsvermədə iştirak edən gənc Azərbaycan vətəndaşlarına, azad edilmiş doğma torpaqlarında öz konstitusion hüquqlarını reallaşdıra bildiklərinə, seçkilərdə iştirak etmələrinə görə sevinirik”.
O, həmçinin qanunvericiliyə uyğun, aşkarlıq, şəffaflıq və demokratik şəraitdə keçirilən seçkilərin keyfiyyətlə təşkilindən məmnunluğunu ifadə edib: “Yüksək fəallıq nümayiş etdirən vətəndaşların ümumbəşəri həmrəyliyini gördük. Seçicilərin bayram günü kimi ailə üzvləri ilə birlikdə seçkiyə necə getdiyini görmək çox xoş idi”.
Polise.az