Özbəkistan Ukrayna ilə bağlı məsələdə Rusiyaya qarşı çıxdı, Moskvanın cavabı ne olacaq?

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Respublika Senatının plenar iclasında deyib ki, Özbəkistan Ukraynada hərbi əməliyyatların və təcavüzün əleyhinədir. Əbdüləziz Kamilov bildirib ki, Özbəkistan Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımır və Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasının tərəfdarıdır.

Maraqlıdır, Özbəkistan XİN rəhbərinin bu açıqlaması ölkə üçün hansı nəticələrə gətirib çıxara bilər? Qazaxıstanda baş verən senari Özbəkistanda da təkrarlana bilərmi?

Mövzunu konkret.az-a şərh edən politoloq Fəqani Məhərrəmli bildirib ki, Rusiyaya qarşı etirazlar daha da güclənəcək:

“Bu mövzuda tarixə müraciət etmək lazımdır. Çünki adətən imperiyalar çökən ərəfədə əsarətdə saxladığı xalqlar ona qarşı aqressiv olur. Rusiya hazırda yaxşı günlər yaşamır və tarixi boyu görmədiyi qədər sanksiyalara, ictimai qınaqlara məruz qalıb. Digər tərəfdən Putin Ukraynada hədəflədiyi uğurları qazana bilmir. Müharibə getdikcə uzanır və keçmiş Sovet respublikalarından etirazlar gəlir. Rusiya həm SSRİ dövründə, həm də sonradan bu respublikalara çoxsaylı problemlər yaradıb. Qırğızıstan, Tacikistan və Özbəkistanda hər an partlayış baş verə bilər. Rusiya Ukraynada bataqlığa daha çox  batdıqca və iqtisadi sanksiyalara məruz qaldıqca keçmiş sovet respublikalarından Rusiyaya qarşı etirazlar daha da güclənəcək”.

Politoloq əlavə edib ki, həmin etirazlar dövlətlər səviyyəsində açıq şəkildə dilə gətiriləcək:

“Moldovanın Prezidenti Dnestryanı bölgədən rus qoşunlarının çıxarılması tələbini qəti şəkildə ortaya qoydu. Qazaxıstanda baş verən hadisələrin Özbəkistanda baş verəcəyinə inanmıram. Əksinə Qırğızıstan,Tacikistan və Özbəkistan zaman-zaman Rusiyanın hərbi bazalarının Orta Asiyadan çıxarmaqla bağlı tələblər irəli sürəcək. Qazaxıstan hadisələri zamanı dünyanın tanınmış siyasi şərhçiləri eyni senarinin Fərqanə vadisində də təkrarlanacağını ehtimal edirdi. Lakin bugün Rusiya Ukraynada dalana dirənib və ictimaiyyətin basıqısı altındadır. Onun Orta Asiyada nələrsə edə biləcəyini düşünmürəm. Hesab edirəm ki, Rusiya hələ xeyli müddət Ukraynada çarpışmağa davam edəcək. Görünən odur ki, Rusiyanın siyasi rəhbərliyi Ukraynadakı proseslərin hara varacağını belə bilmir. Bu mənada Rusiyanın özünə ikinci və üçüncü cəbhə açağı gözlənilmir və bu ağılsızlıq olar”.

Hamısını Göstər

Related Articles

Back to top button