Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin rəsmiləri azərbaycanlı həmkarları ilə görüşdü

Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə 19 may 2021-ci il tarixdə ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olan nümayəndə heyəti ilə baş idarənin rəhbər heyəti arasında ikitərəfli görüş keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakı və bundan irəli gələn digər funksiyaları barədə geniş məlumat verib.

Görüşdə ölkədə korrupsiya səviyyəsinin və bu növ cinayətlərin törədilmə səbəblərinin təhlili, risklərə daha çox məruz qalan sahələrin müəyyənləşdirilməsi metodlarına dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Səfər zamanı qonaqlar Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatları, Ali Məhkəmənin hakim heyəti, habelə Daxili İşlər, Ədliyyə və İqtisadiyyat nazirliklərinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirərək dövlət orqanlarının müsbət təcrübələrini öyrənib, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən ASAN Xidmət və DOST mərkəzlərini ziyarət edərək onların fəaliyyəti ilə yaxından tanış olublar.

Bundan başqa nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olaraq vətən müharibəsində qüdrətli ordumuzun işğalçılardan tərksilah etdiyi hərbi eksponatlar barədə məlumatlandırılıb, İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, daha sonra Heydər Əliyev Mərkəzinə səfər edərək orada yerləşən muzey və sərgilərə baş çəkiblər.

Hamısını Göstər

Related Articles

Back to top button