Paşinyan Arutyunyana müharibəni xatırlatdı – “Azərbaycanla sülh lazımdır”

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndindəki separatçı cinayətkar dəstənin rəhbəri Arayik Arutyunyan və onun özü ilə gətirdiyi “nümayəndə heyəti” ilə görüşüb. 

Baş nazirin iqamətgahında keçirilən görüş bir sıra ziddiyətli və maraqlı məqamlarla zəngindir. Görüş başlayan kimi Paşinyan onları əmin etməyə başlayıb ki, münaqişənin tənzimlənməsinin onlara da xeyri dəyəcək. O, and-aman edib ki, separatçılardan gizli heç bir danışıq, razılaşma yoxdur. “Danışıqları gizli aparmaq sadəcə məntiqi deyil, bunu təsəvvür eləmək sadəcə mümkün deyil”, – Paşinyan vurğulayıb.

Baş nazir ötən həftə hökumətin iclasında dediyi fikirləri yenə təkrarlayıb. Bildirib ki, 2020-ci il noyabrın 9-dan bəri Dağlıq Qarabağın tənzimlənməsinə dair bircə layihə, yaxud onun qaralama variantı masa üstündə olmayıb.

Paşinyan doğru deyir, çünki Azərbaycan rəhbərliyi Ermənistanla müzakirələr çərçivəsində Qarabağın statusuna dair hər hansı təklifin qəbuledilməz olduğunu bəyan edib. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Qarabağa hər hansı status verilməyəcək və rəsmi Bakı uzun illər danışıqlar prosesini bu yöndə aparmış Minsk Qrupu ilə diplomatik təmasları ən aşağı səviyyəyə endirib. Görüşdə separatçıların rəhbəri Arutyunyan Paşinyanı diqqətlə dinləsə də, onun dediklərinə açıq-aşkar inamsızlıq nümayiş etdirib. O, Ermənistanla Azərbaycanın sülh gündəliyini qəbul etdiklərini, amma “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməklə bağlı hüququnun tanınmasında qeyd-şərtə və güzəştə yer olmadığını” təkrar edib.

Paşinyan isə baş separatçının dediklərindən narazı qalıb, dərhal əlavə edib ki, sülh gündəliyi heç də “məğlubiyyət gündəliyi” deyil. Baş nazir daha sonra müharibədə Ermənistanın və separatçıların üzləşdiyi biabırçı məğlubiyyəti Arutyunyana xatırlatmağı lazım bilib: “Sülh gündəliyi – müharibə dəhşətlərinin, postmüharibə çətinliklərinin öhdəsindən gəlinməsi, xalqın təhlükəsizliyi, hüquq və gələcəyinin təmin olunması gündəliyidir”. Paşinyan dolayısı ilə izah edib ki, sülh olmasa, alternativi müharibədir, Ermənistan heç 44 günlük müharibənin dağıntılarının altından çıxa bilməyib. Bunun üçün mütləq Azərbaycanla sülh bağlamaq lazımdır…

Azərbaycan Prezidenti İlham Əliyevin elə bugünkü çıxışında dediyi fikirlər Paşinyanın arqumentlərini gücləndirə bilər: “Bölgədə yaşayan ermənilər vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar… Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”.

Hamısını Göstər

Related Articles

Back to top button