“Paşinyan bunu anlayanda gec ola bilər…” – “Makron mesaj göndərir ki, Azərbaycan və Türkiyə ilə razılaşma”

“Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Emmanuel Makronun Avropa Siyasi Sammitində anti-Azərbaycan çıxışını şərh edərkən deyib.

“Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin. 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi, Fransa əl-ayağa düşdü, ay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək əvəzinə, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki “möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik”, – təhlilçi qeyd edib.

Ekspert Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana hücum etmək planı olmadığı barədə dediklərinə də toxunub: “Həqiqətən Paşinyan o durumda deyil ki, bu haqda düşünsün. O, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, Baş nazirin də etiraf etdiyi ordusundakı “5-ci kolondan”, “Yerkrapa” kimi terrorçu təşkilatların varlığından gedir ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar. Makron və onun ətrafı o qədər erməni sevgisinə bürünüblər ki, Ermənistandakı təxribatçıları görməzlikdən gəlirlər.

Makron deyir ki, 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başlayıb. Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub”.

E.Şahinoğlu vurğulayıb ki, Fransa öz müstəmləkələrində necə separatçılara qarşı mübarizə aparırsa, Azərbaycanın da separatçılara qarşı mübarizə aparmaq hüququ var, beynəlxalq hüquq da bunu diktə edir.

“Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir. Fransa Prezidenti açıqlamasının sonunda “xala, xətrin xoş olsun” deyə Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini bildirib. Sən bircə iki dövlətə maneə olma, Ermənistandakı təxribatçıları qızışdırma, sülhə Fransanın iştirakı olmadan da nail ola bilərik. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər”, – politoloq qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button