“Paşinyan Türkiyə, Azərbaycan və Qərblə daha yaxın münasibətlər quracaq” – Politoloq
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı getmək imkanına malik deyil. Amma Qarabağ məsələsinin həllindən sonra daha qətiyyətli şəkildə Qərblə münasibətlər quracaq.
Bu fikirləri teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, Ermənistanın iqtisadiyyatı Rusiyanın əlindədir:
“Erməni iqtisadiyyatı faktiki rus mülkiyyətindədir. Ordusu da Rusiyanın tabeliyindədir, sərhədlərini Rusiya qoruyur. Amma bununla bərabər Baş nazir Nikol Paşinyan iqtisadi problemləri həll etmək, xarici siyasətdə tarazlıq yaratmaq üçün Azərbaycan, Türkiyə, o cümlədən Qərblə daha yaxın münasibətlər quracaq”.
Siyasətşünas qeyd edib ki, bəzi ekspertlər Paşinyanın ölkə daxilində ordunu tam nəzarətə götürdükdən sonra Rusiyaya qarşı addımlar atacağını, hətta rus hərbi bazasını ölkədən çıxaracağını deyir: “Bu proqnozlarla razılaşmıram. Bu məsələ aktual deyil. Baza 44 günlük müharibə zamanı nə etdi? Qaldı yerində, heç tərpənmədi. Birləşmiş hərbi qüvvə var idi. Onlar da heç nə etmədi. Paşinyan bilir ki, baza Ermənistanı itaətdə saxlamaq üçün bir alətdir. O da deyir ki, mən itaətdəyəm, amma bu itaət çərçivəsində Türkiyə, Azərbaycan və Qərblə daha sıx əlaqələr qurmaq istəyirəm. Əgər istəmirsənsə, bu əlaqələri qurum, o zaman mənim işsiz, kasıb xalqımı dolandır. Bizə milyardlarla dollar lazımdır. Rusiya bunu verirsən? Rusiya da deyəcək ki, vermirəm, öz xalqım pis durumdadır. Bu zaman Paşinyan da bildirəcək ki, o zaman mənə imkan ver xalqımı dolandırmaq üçün siyasətimi çox stiqamətli edim. Məncə, bu məsələdə problem olmayacaq”.