Paşinyanın qərarı ilə Qazaxıstana qoşun yeridilir

Qazaxıstana göndəriləcək KTMT kollektiv qüvvələrinin tərkibi hələ müəyyən edilməyib və bloka daxil olan ölkələrin rəhbərləri bu barədə məsləhətləşmələr aparırlar. Lakin indidən bəllidir ki, bu qüvvələrin əsasını Rusiya ordusunun hissələri təşkil edəcək. Kollektiv qüvvələrin Qazaxıstana çatdırılması da belə görünür ki, Rusiya Hava Kosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının üzərinə düşəcək.

Rusiya KİV-ləri xəbər verir ki, Orenburqun Aviaqorodok rayonunda yerləşən hərbi nəqliyyat aviasiyası hərbi hissəsinin şəxsi heyəti ötən gecə həyacan siqnalı ilə xidmət yerlərinə çağırılıb. Orada İl-76 təyyarələri uçuşa hazırlanır, ehtimal edilir ki, hərbi-nəqliyyat təyyarələri əvvəlcə Rusiyanın Qazaxıstana yaxın regionlarından birinə uçacaq, oradan isə Qazaxıstana istiqamət alacaq.

Xatırladaq ki, KTMT-nin tarixi ərzində ilk dəfə blokun nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 4-cü maddəsi işə düşüb.

***

Qazaxıstana KTMT kollektiv sülhməramlı qüvvələrinin yeridilməsi barədə qərarı Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib. Məsələ bundadır ki, Paşinyan indi Ermənistanın baş naziri qismində KTMT-yə sədrlik edir, onun sədrliyi 2022-ci il yanvarın 1-dən başlayıb və işə bax ki, bu hərbi blokun mövcudluğu tarixində ilk dəfə kollektiv qüvvələrin üzv ölkələrin köməyinə göndərilməsi barədə qərarı qəbul etmək də onun üzərinə düşüb.

Paşinyan ötən gün gecə saatlarında özünün Facebook səhifəsində bu haqda qərarı elan edib. Bildirib ki, KTMT-nin kollektiv təhlükəsizlik Şurasının sədri olaraq Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin yeridilməsi barədə qərar qəbul edib.

Onun bildirdiyinə görə, KTMT hərbi qüvvələri məhdud zaman çərçivəsində, ölkədə vəziyyətin normallaşması və stabilləşməsi məqsədi ilə Qazaxıstana göndərilir.

“Qərar Qazaxıstan Respublikasının prezidenti K.J.Tokayevin müraciəti əsasında və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə, suverenliyinə o cümlədən xaricdən müdaxilə nəticəsində yaranmış təhdid nəzərə alınaraq qəbul edilir”, – Paşinyan bildirir.

Paşinyanın bu qərarını çox keçmədən Kremlin rəsmi saytı dərc edib. Qərara veto qoyan olmadığından KTMT kollektiv qüvvələrinin Qazaxıstana yeridilməsi üçün maneə qalmır. Xəbər verildiyi kimi, Rusiya ordusunun desant və mühəndis bölmələri artıq Qazaxıstana göndərilmək üçün hazırlanır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button