Paşinyanın qorxusunun SİRRİ – Hər şeyi unudaq deyir və…

Baş nazirin dediyi kimi, sülh sənədindən sonra qarşılıqlı iddialardan, təzminat tələbindən imtina mümkündürmü?

Ermənistanın baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə son  müsahibəsində Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarının geri götürülməsi imkanlarından da danışıb.

“Əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq”, – deyə o bildirib. Heç şübhəsiz, İrəvan Azərbaycana qarşı işğalçılığın və bu işğalçılığın ölkəmizə, xalqımıza, ekologiyamıza vurduğu ağır zərbələrin bədələnin böyük olacağının fərqindədir. Bəs imzalanacaq sülh sənədindən sonra qarşılıqlı iddialardan imtina mümkündürmü? Ermənistanın baş nazirinin xüsusi tapşırıqlar üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan isə deyib ki, bir həftə əvvəl o, Azərbaycanın rəsmi nümayəndələri ilə görüşüb və onlar Bakının Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağa hazırlaşdığını bildiriblər. “Onlar bəyan ediblər ki, artıq yekun hesablamalar aparıblar və Ermənistan Respublikasından təxminən 1 trilyon dollar tələb etmək niyyətindədirlər. Dəqiqləşdirmə üçün soruşanda ki, artıq iddia təqdim edilibmi, mənə dedilər ki, sənədlər hazırlanır”, – Marukyan söyləyib.

Keçmiş xüsusi nümayəndə Azərbaycan nümayəndələrinin adlarını çəkməkdən imtina edib və onların yalnız rəsmi şəxslər olduğunu vurğulayıb. Bəzi məlumatlara görə, sülh müqaviləsi layihəsində razılaşdırılmayan məqamlardan biri də tərəflərin gələcəkdə nəinki beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddia qaldırmamaq, hətta artıq qaldırılmış iddiaları geri götürmək öhdəliyi də yer alır. Az öncə Ermənistan bu məqamla bağlı razılaşmanın mümkünlüyünü bildirmişdi. Marukyan isə narahatlıq ifadə edib ki, hətta sülh sazişində beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina bəndi razılaşdırılsa belə, Azərbaycanın heç vaxt Ermənistana qarşı iddia qaldırmayacağına dair mütləq təminat yoxdur. Sülh sənədi layihəsində belə bir bənd varmı? Marukyanın sözləri nədən xəbər verir? Təzminat ödəyə bilməyəcək Ermənistanın torpaq güzəştinə getməsi mümkündürmü? 

Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb. Paşinyan birincisi, deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. İkincisi, baş nazir bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Analitik Elxan Şahinoğlunun sözlərinə görə, ilin sonuna cəmi bir ay qalıb: “Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o, dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq. Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstutisiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

E.Şahinoğlunun fikrincə, Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən müstəqillik bəyannaməsinə yalnız qismən istinad edir: “Halbuki həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda müstəqillik bəyannatından qurtulmağın bir yolunu tapmalıdır. Əks halda, Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar – bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda verdiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır”.

Fuad Əliyev də prezidentliyə namizəd olacaq | | Xural qəzeti

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev isə hesab edir ki, bütün hallarda təzminat davası irəli sürülməlidir: “Ermənistan 30 il vurduğu maddi-mənəvi zərərdən belə asanlıqla yaxasını qurtara bilməz. Sülh sazişi barışıq sənədi ola bilər, amma vurulmuş ziyanı unutmaq sayılmır. Nikolun qorxusu budur ki, ya uzun illər kompensasiya ödəməli olacaqlar, ya da torpaq pay verməlidir. Beynəlxalq təcrübədə bu hal var. Ona görə də onun təklifi əsl erməni hiyləgərliyidir, sülh müqaviləsindən sonra Ermənistanın cəzasız qalmasını istəyir. Ancaq Azərbaycan dövləti buna razılaşmamalıdır. Bizim vətəndaşlarımızın əmlakları dağıdılıb, qəsb edilib, dini və mədəni abidələrimiz məhv olunub, kənd təsərrüfatına, enerji resurslarına, sərvətlərinə zərər yetirilib, istismar olunub. Bunları sülh müqaviləsinə görə bağışlaya bilmərik”.

F.Əliyev xatırladır ki, Azərbaycan Qarabağda enerji resurslarının talan olunmasına görə ayrıca iddia qaldırıb: “Hər bir Qarabağ sakini də Ermənistanı Avropa Məhkəməsinə verərək təzminat tələb edə bilər. Onların mal-mülkü dağıdılıb. Ümumən, işğal dönəmində fauna və flora məhv edilib, Kəlbəcərin qızılından tutmuş mis yataqlarına qədər yeraltı sərvətlərimiz mənimsənilib. Paşinyan bu həqiqətləri yaxşı dərk edir və indidən bu təklifləri səsləndirir. Fikrimcə, rəsmi Bakı buna razı olmayacaq, sülh mətnində də belə bir bənd yoxdur. Ermənistan ən yaxşı halda ərazi güzəşti ilə müəyyən qədər cəzadan özünü qurtara bilər.  Bu ölkənin vurduğu zərər təxminən 800 milyard dəyərində hesablanır. Hətta bu rəqəm daha çox ola bilər”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button