Paşinyanın yeni konstitusiya ilə bağlı tapşırığı

Rəsmi İrəvan sülh prosesini niyə uzatmamalıdır?
Ermənistanın bir sıra media orqanlarının, xüsusən müxalifətə yaxın kütləvi informasiya vasitələrinin, ekspert dairələrinin Bakının istənilən məsələdə İrəvandan üstün olduğunu, birincinin ikinciyə şərtlər diktə etdiyini vurğulayan yanaşmaları fonunda isterikaya qapılmaları adi haldır. 44 günlük müharibədən sonra bu durumun ən müxtəlif təzahürlərinə, bir növ, öyrəncəli olmuşuq.
O da məlumdur ki, müxaliflər və onlara yaxın media orqanları mövcud ritorikaya söykənib Baş nazir Nikol Paşinyan iqtidarını gözdən salmağa cəhd göstərirlər. Əks qütbün təmsilçilərinin istər parlament kürsülərindən, istərsə də digər ictimai tirbunalardan Ermənistanın Azərbaycan qarşısında acizliyi baxışını gündəmə saxlamaları da mövcud hakimiyyətin nüfuzunu heçə endirməyə yönəlmiş, kifayət qədər, ciddi diskursdur. Onlar bu diskursla cəmiyyətin, belə demək mümkünsə, sarı simlərinə toxunmağa çalışır, yekun nəticədə isə kütləyə iqtidarı devirmək potensialını aşılamaq niyyəti güdürlər.
Əslində, “Hraparaq” qəzetində yazılanlar da qeyd etdiyimiz prizmadan qiymətləndirilə bilər. Amma nəzərə alaq ki, nəşr barəsində söz açacağımız mövzuya yer verməsəydi də, onun aktuallığını vurğulayan məqamlar yetərincə çoxdur. Söhbət Ermənistanda konstitusiya dəyişikliyi məsələsindən gedir. O məsələ ki, Azərbaycan tərəfindən regional sülh baxımından başlıca şərt kimi elan edildiyi məlumdur.
“Hraparaq”ın nələrdən söz açdığına nəzər salacağıq. Hələlik onu bildirək ki, Azərbaycan və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə, o cümlədən iki Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin sülh müqaviləsini paraflamaları xüsusunda regionda, faktiki olaraq, barışın əldə edildiyi bildirilir. Hərçənd mövcud fonda bəzən elə təəssürat da yaranır ki, artıq regional barışa dair bütün məsələlər həllini tapıb.
Amma Azərbaycan tərəfi belə yanaşmanın, necə deyərlər, qol-qanad açmasına imkan vermir. Yada salaq ki, Prezident İlham Əliyev hələ Vaşinqtonda olarkən, ölkəmizin media vasitələrinə müsahibəsində Ermənistan üçün mühüm ev tapşırıqlarından söz açmış, ölkə konstitusiyasında dəyişikliklər məsələsini sülhün fundamentallıq immuniteti qismində dəyərləndirmişdi. Yəni, dəyişiklik olmalıdır ki, sülh sazişi imzalansın, proses paraflanma mərhələsindən çıxıb yekun mərhələyə keçsin.
Əlbəttə, demək olmaz ki, Ermənistan Vaşinqton təmasından sonra konstitusiya dəyişikliyini arxa plana atdı. Paşinyan və komandası mövzunu gündəmdə saxladı. Amma məsələnin intensiv fazaya qədəm qoyduğunu da söyləmək mümkünsüzdür. Hərçənd obyektiv kimi qiymətləndirilə bilən durumun da ləngimələr yaratdığını söyləmək olar. Ermənistanda bu ilin iyununda keçirilmiş parlament seçkilərini nəzərdə tuturuq. Hakim düşərgə özünü bu prosesə köklədiyindən, konstitusiya dəyişikliyi məsələsi gözlənilən inkişaf trayektoriyasına daxil ola bilmədi. İndi isə…
Yəni şərtimiz şərtdir. Elə “Hraparaq” qəzetinin yazdığı da budur. Nəşrin bildirdiyinə görə, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün yekunları ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı etdikləri qeyri-rəsmi söhbətdən sonra rəsmi İrəvan yeni konstitusiya istiqamətindəki işlərini fəallaşdırıb. Qəzet yazıb ki, Bakı parlament seçkilərindən sonra məsələnin “yerində saymasından” narazıdır.
“Hraparaq”ın təqdimatında diqqətçəkən məqam da var. Belə ki, nəşr Baş nazir Paşinyanın yeni konstitusiya məsələsində “yol xəritəsi”nə əsasən irəliləmək qərarına gəldiyini vurğulayıb. Söhbət, konkret olaraq, prosesin mərhələli şəkildə reallaşdırılmasından gedir. Şübhəsiz, qəzetin detallı təsviri hay müxalifətinin konstitusiya dəyişikliyinə zidd konsolidasiyasının təşviqinə, əks cinahın müqavimətini möhkəmləndirməyə hesablanıb.
Əlqərəz, “Hraparaq”ın gündəmə gətirdiyi və Baş nazir Paşinyan tərəfindən irəli sürüldüyü iddia olunan “yol xəritəsi”nə görə, ilk növbədə, cəmiyyətin müxalif mövqe tutan hissəsini konstitusiya dəyişikliyinin zəruriliyinə inandırmaq prioritet seçilib. Yəni sübut etmək lazımdır ki, dəyişikliklərə ölkənin rifahı və inkişafı naminə gedilməlidir. Nəşr iddia edib ki, mövcud istiqamətdə, hətta müxalifətə yaxın media vasitəsilə reklam kampaniyasının təşkili vəzifəsi də müəyyənləşdirilib.
“Hraparaq”, eyni zamanda, bildirib ki, Paşinyana aid edilən “yol xəritəsi”nə əsasən gerçəkləşdirilməsi planlaşdırılmış növbəti iş parlamentdəki müxalifət nümayəndələrinə müraciət edərək, onları konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini dəstəkləməyə çağırmaq, daha doğrusu, razı salmaqdır. Əgər bundan imtina edilərsə, əks cinahın Milli Assambleyadakı ayrı-ayrı deputatlarını hakim “Vətəndaş müqaviləsi” partiyasının təşəbbüsünün həyati əhəmiyyətliliyinə inandırmaq vəzifəsi müəyyənləşdirilib. “Hraparaq” materialında məsələni bəzi müxalif parlamentarilərə təzyiq göstərilməsi – “deputatların oğurlanması” variantı kimi qələmə verilib və belə bir ssenarinin istisna olunmadığı bildirilib.
“Hraparaq”ın materilaında mövzu ilə bağlı xüsusi bir iddia da yer alıb. Nəşrin yazdığına görə, əgər yuxarıda sadalanan vasitələr işə yaramasa, Paşinyanın “yol xəritəsi”ndəki son variant növbədənkənar seçkilərə getmək, parlamentdə konstitusiya dəyişiklikləri üçün zəruri çoxluğu əldə etmək olacaq. Qəzet Baş nazirin nəzərdə tutulan fəaliyyət baxımından konkret müddət müəyyənləşdirdiyini, tərəfdarlarını bu məsələ ilə bağlı ciddi hərəkətə keçməyə çağırdığını da diqqətə çatdırıb.
Əvvəldə də bildirdik ki, erməni müxalifətinə yaxın media orqanları, ümumən hay əks, cinahının təmsilçiləri Paşinyan hakimiyyətini nüfuzdan salmaq üçün hər vasitəni sınaqdan çıxarırlar və bu baxımdan ən məqbul ritorika Azərbaycan dövlətinin Ermənistan hakimiyyətinə təzyiqi ritorikasıdır. Məsələyə mövcud prizmadan baxsaq, “Hraparaq”ın yazdıqlarına bir o qədər ciddi yanaşmamaq olar. Amma hər bir halda, məhz konstitusiya dəyişikliyi, yaxud yeni konstitusiya məsələsi Bakı-İrəvan sülhü baxımından müstəsna məqamdır. Yəni Azərbaycanın barışın fundamentallığını təmin etməkdə israrlıdır. Bunun üçün isə Ermənistanın əsas qanununun ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadı aradan qalxmalıdır. İstər Paşinyan və tərəfdarları, istər hay müxalif düşərgəsinin təmsilçiləri, istərsə bütövlükdə erməni cəmiyyəti, istərsə də erməni revanşist və şovinistlərinin xaricdəki himayədarları ölkəmizin buna yönələn prinsipiallığından xəbərdardırlar. Azərbaycan ictimaiyyətinin nümayəndələri də dövlətimizin məsələ ilə bağlı qətiyyətli mövqeni davam etdirəcəyinə, istəyinə çatacağına əmindirlər.
Bir sözlə, Ermənistanın yeni konstitisiyasının işğalçılıq motivlərini daşıyan bütün təmayüllərdən uzaq mahiyyətə köklənməsinin vacibliyi gerçək sülh quruculuğuna hesablanmış konseptual yanaşma immuniteti qazanıb. Yəni Azərbaycanın məsələ ilə bağlı israrlı yanaşması Cənubi Qafqazda buna dair ictimai konsensus formalaşdırıb. Hətta erməni müxaliflər hər nə qədər əks mövqe tutsalar da, həmin konsensus müstəvisində təmsilçiliyə malikdirlər. Başqa sözlə desək, bu kəsimin özünün irəli sürdüyü barışmaz tezislərə münasibətdə inamsızlığı var. Çünki Azərbaycan indiyədək bütün məqsədlərinə çatıb. Amma…
“Əmması” vaxtın uzanmasındadır. Nəzərə alaq ki, yekun sülh müqaviləsinin imzalanmasından bütövlükdə regional düzənin gələcəyi asılıdır. Rəsmi Bakı ortaya qoyduğu və üzərində israrla dayandığı prinsipial mövqeyi ilə bu düzəndə hansısa təfriqə meyilinə, hətta bu meyilin kiçik işartısına belə meydan verməyəcəyini göstərir. Deməli, heç kəs və ya heç bir tərəf vaxtı uzatmaqla fərqli gündəm formalaşdırmağa ümid bəsləməməlidir. Bu mənada, nəinki Azərbaycan və Ermənistan liderlərinin Türkmənistandakı təması zamanı, eləcə də digər müstəvilərdə rəsmi Bakı tərəfindən vaxtın uzanmasının yolverilməzliyinin ifadə olunması mümkündür.
Digər tərəfdən, Paşinyan administrasiyasının təmsilçiləri də konstitusiya dəyişikliyi məsələsinin üzərinə getdiklərini nəzərə alsaq, bu gedişin, heç bir halda, görüntü yaratmağa hesablanmaması önəmlidir. Yəni konkret iş yoxdursa, İrəvanın mövzuya dair ritorikasının yalnız görüntü yaratmaq məqsədi daşıdığına dair təsəvvürün formalaşması qaçılmazdır. Deməli, daha qətiyyətli addımlara ehtiyac var. Əks halda, bizim üçün hazırkı erməni iqtidarının özündən əvvəlki hakimiyyətdən fərqi olmayacaq. Prezident İlham Əliyevin də son çıxışlarında mövcud məqamı dəfələrlə qabartması bu baxışımızdan qaynaqlanır. Ona görə də Paşinyan hakimiyyəti, ən azından, “Hraparaq”ın yazdıqlarının həyata keçməsi üçün ciddi səylər göstərməlidir. Ciddi səylər göstərməlidir ki, Ermənistanın sülhə sadiqliyi səmimiyyət qazansın, ölkəyə etimad və inam yaransın.
Ə.RÜSTƏMOV
XQ



