Pekin dünya ictimaiyyətini Rusiyanın böyük parçasının Çin tərəfindən necə ilhaq olunması ssenarisinə hazırlayır

Vladimir Putinin bu yaxınlarda yerli və beynəlxalq KİV nümayəndələri qarşısında səsləndirdiyi bəyanatlardan belə anlaşılır ki, onun ölkəsinin gələcək aqibəti barədə mülahizələri Rusiyanın geostrateji mövqeyinin yeni dünya nizamında meydana gətirəcəyi reallıqlarla ziddiyyət təşkil edir. Dünyann iki nəhəng güc mərkəzi – Avropa ilə Çin arasında yerləşən və iqtisadi-texnoloji geriliyi ilə yanaşı, insan resursu sarıdan da korluq çəkən Rusiyanın Ukraynada geostrateji qələbə qazanacağına ümid bəsləməsi siyasi məntiqə uyğun gəlmir. Aydın görünür ki, sözügedən bu iki güc mərkəzi Rusiyanın aparıcı qlobal oyunçuya çevrilməsinə imkan vermək fikrində deyil.
Gələn ilin yanvarında Rusiya-Ukrayna müharibəsinin müddəti Sovet İttifaqı ilə Almaniya arasında 1941-1945-ci illərdə gedən müharibə ilə eyniləşəcək. Belə görünür ki, bu gedişlə Ukraynadakı müharibə öz müddətinə görə rusların “Böyük Vətən Müharibəsi” adlandırdıqları savaşı geridə qoyacaq.
Rusiyanın qərb cinahında üzücü müharibə sürdürərkən, ölkəsinin az məskunlaşmış şərq tərəfinin itirilməyəcəyinə Putinin əmin olması isə siyasi körafəhimlikdir. Belə ki, Putin Ukraynada guya NATO-nun genişlənməsinin qarşısını almaqla məşğul olduğu bir vaxtda onun “müttəfiqi” olan Pekin “Overton pəncərəsi” ni işə salaraq dünya ictimaiyyətini yaxın gələcəkdə Rusiyanın böyük parçasının Çin tərəfindən necə ilhaq olunması ssenarisinə psixoloji cəhətdən hazırlayır. Rusiya Federasiyasının ərazisinin təxminən 40 %-inə iddialı olan Çin bəlkə də uzun illərdir ki, Rusiyanın hansısa müharibəyə başlamasını fürsət kimi gözləyib. Çinlilər öz tarixlərinə həssas yanaşırlar və ən çətin tarixi dönəmlərində ərazilərinin böyük qisminin Rusiyaya güzəştə gedilməsiylə barışmaq niyyətində deyillər. Bunu dünyanın bir çox iri dövlətlərində də yaxşı bilirlər.

Məsələn, 2014-cü ildə Si Cinpin Berlində olarkən Almaniya kansleri Angela Merkel ona 1735-ci ildə Almaniyada hazırlanmış və Rusiyanın Uzaq Şərqini Çinin sərhədləri daxilində göstərən “Çinin ilk dəqiq xəritəsini” hədiyyə etmişdi. Almaniya bununla Çinə Rusiyanın şərq ərazilərinin kimə məxsus olmasını xatırlatmaqla uzağa hesablanmış mesaj verirdi.
Rusiyanın Ukraynada apardığı müharibənin uzanması bu gün səssiz dayanmış və özünü Kremlə Rusiyanın müttəfiqi kimi göstərən Çinin geostrateji maraqlarına tam cavab verir. Rəsmi tərəfdən Çin təmikinli və səbrli siyasət yürütsə də, onun mətbuat orqanlarında Rusiyanın zəifləyib əldən düşəcəyi və parçalanacağı təqdirdə Uzaq Şərq bölgəsinə məxsus ərazilərin Çinə birləşdirilməsinin məqsədəuyğunluğu barədə vaxtaşırı məqalələr dərc olunur. Pekin rəsmiləri bu tərz yazıların dövlət siyasəti ilə əlaqəsi olmadığını bəyan etsələr də, aydındır ki, bu cür proseslər məhz belə yazılardan, təbliğatdan başlayır.

Bu yaxınlarda Çinin ən böyük mediaholdinqlərindən biri olan “NetEase” platformasına məxsus “163.com” internet potalında “Çin ən pisinə hazır olmalıdır: əgər Rusiya dağılarsa, 7 milyon kvadrat kilometrilk ərazini itirmək olmaz” başlıqlı məqalə gedib. Çin mətbuatı yazır ki, bu ərazilərdən səmərəli səviyyədə istifadə etməkdən ötrü, Rusiyanın nə adamı, nə də pulu var və üstəlik Ukraynada gedən müharibə onun son resurslarını da sümürür. Məqalə müəllifi yazır: “Onu güclə ələ keçirməyə çalışmağın mənası yoxdur – bu, Krımda olduğu kimi qlobal təcridə səbəb olardı. Ağıllı yanaşma daha güzəştli olmaq, pul və insan resurslarına investisiya qoymağa davam etmək, uzunmüddətli müqavilələr imzalamaq və bölgədəki Çinpərəst qüvvələri dəstəkləməkdir”.
Çinin Rusiyaya ərazi iddiası yeni deyil və bu məsələ hələ Mao zamanı da SSRİ rəhbərliyi qarşısında qadırılıb.

Rusiya ərazilərinin bir qismini öz tarixi torpaqları hesab etməsinin əsası var. 1858-ci ildə “Ayqun müqaviləsi”nə əsasən Çin 600 min kvadrat kilometr ərazini Rusiya imperyasına verməyə məcbur qalmışdı. İki ildən sonra isə Pekin müqaviləsinə əsasən Çin Saxailn adası da daxil olmaqla Rusiyaya əlavə 400 min kvadrat kilometr torpaq vermişdi və beləliklə, iki il ərzində Çin 1 milyon kvadrat kilometr ərazi itirmişdi. İndi Çin həmin dönəmlərlə müqayisəyə gəlməyəcək dərəcədə güclənib. Ancaq maraqlı məqam ondan ibarətdir ki, əgər Çin 1 milyon kvadrat kilometr ərazi itiribsə, o zaman indi hansı səbəbdən 7 milyon kvadrat kilometrin ilhaq olunmasının həvəsinə düşüb?
Rusiyanın nə qədər ərazisinin Çinə qatılacağı ilə bağlı ideya yalnız qeyri-rəsmi xarakterlidir və bu barədə yekdil fikir yoxdur. Hadisələrin dinamikasını izləyən çinlilər arasında maksimalistlər var və onlar hesab edirlər ki, təkcə Çinin itirdiyi tarixi ərazilərlə kifayətlənmək olmaz, daha ekspansionst siyasət yürütmək lazımıdr. Onların fikrincə, Rusiyanın Uzaq Şərq Federal Dairəsini əhatə edən bütün ərazilərin Çinin tərkibinə keçməsi məqsədəuyğundur, çünki yalnız belə olan təqdirdə Arktikaya birbaşa yol açılır.
Çinin başlıca niyyəti sərbəst şəkildə Arktik zonaya çıxmaqdır. Bildiyimiz kimi son dövrlər qlobal istiləşmə ilə əlaqədar Arktikada əlverişli hava şəraitinin meydana gələcəyi və nəticədə Yer kürəsinin bu hissəsinin dəniz nəqliyyatına yararlı hala düşəcəyi proqnozlaşdırılır. Çinin okeana çıxışı olsa da oradakı relyef çox mürəkkəbdir və istər Sakit okeana və istərsə də Hind okeanına açılmaq üçün Çin donanması bir çox ölkələrin əhatəsindəki dar boğazlardan istifadə edir.
Rusiya Federasiyası səkkiz federal dairəyə bölünür və bunların içərisində sahəsinə görə ən böyük(təxminən 7 milyon kvadrat kilometr), əhali sayına görə isə ən kiçik olanı (7,8 milyon nəfər) Uzaq Şərq Federal Dairəsidir. İqtisadiyyatı təbii resursların istismarına söykənən Rusiyanın əhalisi ən az olan Uzaq Şərq Federal Dairəsi insan resusrsu böyük olan Çinlə həmsərhəddir.

Çinli miqrantların Rusiyadakı sayının durmadan artması yerli əhali arasında narazılığa səbəb olsa da, iqtisadi sistemə inteqrasiya prosesi elə gedir ki, Çinsiz ruslar həm müharibədə məğlub olarlar, həm də iqtisadiyyatları çökər.
Rusiya torpaqlarının ələ keçirilməsində Pekinin önündə ən böyük əngəl Moskvadan daha çox Yaponiya və ABŞ ola bilər. Bu iki dövlət Rusiyanın parçalanması təqdirində Çinin böyük iştahının nələrə gətirib çıxaracağını yaxşı bilirlər. Bu səbəbdən də onlar Rusiyanın uzaq şərqinin Çin tərəfindən təkbaşına həzm edilməsinə imkan verməməyə çalışacaqlar.
Heş şübhəsiz ki, ABŞ, Yaponiya və Avropa kimi Çin də yeni dünya nizamına hazırlaşır. Bu proses İkinci dünya müharibəsi və ondan sonrakı dövr ilə müqayisədə daha sərt üsullarla gedəcək və ümumi yekunda planetin geostrateji təsir balansına və qlobal maliyyə-valyuta sxeminə yeni format verəcək. Ona görə, Çin Rusiyanın parçalanmasının qaçılmaz olduğu qənaətindədir və ən maksimalist iddia ortalığa qoymaqla, güclü rəqibləri – ABŞ və Yaponiya ilə müəyyən razılşamaya gedə bilər.\Vaqif Nəsibov“AzPolitika.info”\
Polise.az



