Pentaqonun təhlükəli planının – DETALLARI

ABŞ-ın təlim adı ilə Ermənistana gətirəcəyi hərbi texnikalar sərhəddə saxlanacaqmı? – hərbi və siyasi şərhçilərin rəyi

Martın 17-də Rusiya nəşrləri ABŞ Dövlət Satınalma Portalına istinadən məlumat yayıb ki, Pentaqon Ermənistandakı Zar hərbi poliqonuna hərbi texnika yerləşdirəcək. O da bildirilib ki, texnikalar Gürcüstan vasitəsilə Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan daşınacaq.

Məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur. Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur. Hərbi ekspertlərin fikrincə, bu əməliyyat ABŞ və Ermənistan arasında növbəti birgə təlimlərə hazırlıqla bağlıdır. Məlum olduğu kimi, 2023-cü ildən Ermənistan ərazisində “Qartal tərəfdaş” birgə hərbi təlimləri keçirilir. Keçən il onlar iyulun 15-dən 24-dək baş tutub.

Təlimlərə Ermənistan sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub. Rəsmi olaraq bildirilib ki, manevrlər “erməni hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlığı çərçivəsində” keçirilir. Əvvəlki təlimlərə Pentaqonun hərbi-nəqliyyat təyyarələri ilə Ermənistana çatdırılan Amerika hərbi texnikası da iştirak edib. Ermənistan Müdafiə Nazirliyi jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki, tərəflər öz xərclərini qarşılayırlar. Xüsusilə amerikalı hərbçilərin iştirakı, texnikanın Ermənistana daşınması və geri qaytarılması ilə bağlı bütün xərcləri Pentaqon ödəyib. Belə görünür ki, ABŞ-da administrasiyanın dəyişməsi Ermənistanla hərbi əməkdaşlıq planlarına təsir etməyib: Pentaqon bu il “Qartal tərəfdaşı” təlimlərini keçirməyə hazırlaşır. Rusiya hərbi bazasının yerləşdiyi və rəsmi olaraq KTMT-nin üzvü olan Ermənistanda ABŞ-la birgə manevrlərin keçirilməsi Moskvanı istər-istəməz qıcıqlandırır.

Üstəlik, rəsmi Bakı bu təlimləri və ümumiyyətlə, Qərb dövlətlərinin Ermənistana hərbi dəstəyini regionda sabitliyə təhlükə kimi qiymətləndirib. Bayden administrasiyasının 907-ci bölmənin Azərbaycana qaytarılması və Ermənistanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı əvvəlki qərarı Vaşinqtonla Bakı arasında münasibətləri ciddi şəkildə pisləşdirib. Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan etibarlı tərəfdaşlıq qurmağa ümid edir.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi dinləmək istəmirlər"

 Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Amerikanın Ermənistana hansı hərbi texnikaları gətirməsinə baxmaq lazımdır: “Vaxtilə Amerika Azərbaycanın sərhəd qoşunlarına da texnika vermişdi. Bunlar radiolokasiya sistemləri, hərbi katerlər və s. idi. Bu da İranla sərhədimizə sərhəd qoşunları üçün ayrılmışdı. İstisna etmirəm ki, Ermənistanın sərhəd qoşunlarına da eyni texnikalar verilə bilər. Amma hansısa hücum silahlarını gözləmirəm. Çünki həmin texnikalar Avropada indi daha vacibdir. Yəni hansısa istehkam qurğuları verilməsi ola bilər. Amma nəzərə alaq ki, bu xəbərlərin təsdiqlənməməsi ehtimalı var”. A.İsazadə hesab edir ki, Avropanın özünə Ukraynanı təmin etmək üçün silah-sursat lazımdır.

Siyasi ekspert Fuad Əliyevin qənaətinə görə, əgər təlimlər üçün nəzərdə tutulubsa, rəsmi şəkildə elan olunmalıdır. Onun fikrincə, hətta təlim üçün gətirilmiş hərbi texnikaların bir hissəsinin Ermənistanda qalmayacağına kimsə zəmanət verə bilməz: “Ermənistan həm ötən il imzalanan xartiyadan irəli gələrək hərbi dəstək alır, həm də Brüsseldəki 5 aprel görüşünün nəticələrindən yararlanır. Burada təkcə Azərbaycan üçün təhlükə məsələsi deyil. Nəzərə alaq ki, Ermənistanın hərbi cəhətdən Rusiyanın təsirindən çıxarılması prosesi gedir. Yəni sovet-rus hərbi məktəbinin şinelindən çıxsalar da, indi bu təsirləri azaldırlar. Ona görə Qərb Ermənistana yardım edir. Üstəlik, Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən ona dəstək verən qüvvələr indi tələb irəli sürürlər”.

Fuad Əliyev səs verdi | Yeni Gündəm

Ekspertə görə, onun Qərb qarşısında öhdəliyi var ki, Ermənistan tədricən Avropaya yaxınlaşmalı, Rusiyadan uzaqlaşmalıdır: “Lakin bu, asan iş deyil. Baxın, son razılaşma ilə bağlı ilk Putinə zəng etdi. Halbuki axırıncı yox, elə birinci Makrona telefon açmalıydı. Deməli, Rusiyadan asılılıq yüksək səviyyədədir”. F.Əliyev deyir ki, Ermənistan bu sürətlə silahlanırsa, deməli, sülh müqaviləsi yaxında deyil: “Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh və sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır”.

Xatırladaq ki, Ermənistana SEZAR artilleriya qurğuları, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri ilə yanaşı, R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3? tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik ”Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ istehsalı olan 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri verilib. Silahların çatdırılmasını Fransa koordinasiya edir. Silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə – Ermənistana çatdırır. Hindistandan Ermənistana daşınan silahlar (həm Hindistan, həm Fransa istehsalı olanlar) isə İranın “Bəndər – Abbas” dəniz limanına gətirilərək, buradan Ermənistana aparılır.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button