Peskov: “Rusiya və Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzinin işi ilə bağlı sıx qarşılıqlı əlaqə qurub”
Rusiya Türkiyənin ən çətin məsələlərin həllində belə kompromis axtarışında olma iradəsini yüksək qiymətləndirir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərini qiymətləndirərkən deyib:
“Sözsüz, Türkiyə Rusiya Federasiyasının çox vacib, strateji tərəfdaşıdır”.
O, iki ölkənin demək olar ki, bütün regional məsələlərdə, xüsusən də Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işi ilə bağlı sıx qarşılıqlı əlaqə qurduğunu vurğulayıb.
“Bilirsiniz ki, Suriyada baş verən çətin anlara baxmayaraq Suriya ilə bağlı birgə fəaliyyət çox aktiv şəkildə aparılır və iki prezident hər zaman kompromisə getməyi bacarır”, – deyə Peskov bildirib.
O əlavə edib ki, hər iki ölkənin geniş ticarət və iqtisadi əlaqələr kompleksi var və bu əməkdaşlıq Rusiya Federasiyası ilə Türkiyə arasındakı münasibətlərin əsas təməlidir:
“Bilirsiniz ki, söhbət həm uzunmüddətli layihələrdən, həm də enerji sektorundakı əməkdaşlıqdan gedir. Bu əlaqələr çox böyükdür və söhbət real tərəfdaşlıqdan, qarşılıqlı faydalı əməkdaşlıqdan gedir”.