Pezeşkian o sənədi təsdiqlədi – Türkiyə və İran əlaqələri genişlənir

İran Prezidenti Məsud Pezeşkiyan Türkiyə ilə dəmir yolu əlaqəsi sahəsində yeni sazişi rəsmi şəkildə təsdiqləyib.
Belə ki, Pezeşkiyan İran Yol və Şəhərsalma Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında dəmir yolu daşımacılığına dair əməkdaşlıq sənədinə imza atıb.
Sənəd bu ilin fevralında İran parlamentinin açıq iclasında təsdiqlənmiş, daha sonra ölkənin maraqlarına uyğun hesab olunmuşdu. Prezident Pezeşkiyanın imzası ilə müqavilə rəsmi qüvvəyə minib.
Anlaşma Türkiyə və İran arasında uzun müddətdir genişləndirilməsi planlaşdırılan şərq–qərb nəqliyyatına yeni dinamika qazandırıb. Saziş yalnız iki ölkəni deyil, həm də Əfqanıstanın daxil olduğu geniş regional dəmir yolu şəbəkəsini əhatə edir.
Türkiyə, İran və Əfqanıstan arasında davam edən ortaq dəmir yolu layihəsinin əsas hədəfləri belə açıqlanıb:
– Üç ölkə arasında əməkdaşlığı gücləndirmək;
– Mövcud dəmir yolu xətlərinin və infrastrukturun səmərəliliyini artırmaq;
– Sərhəd keçidlərini sadələşdirmək;
– Daşımaların həcmini artırmaq;
– Regional uyğunluğa töhfə vermək;
– Davamlı dəmir yolu koridoru yaratmaq.
Bu çərçivədə yüklərin daha sürətli hərəkəti, fasiləsiz ticarət marşrutu və koridorun beynəlxalq logistika şəbəkələri ilə uyğunlaşdırılması planlaşdırılır. Layihənin üç ölkə arasında ticarəti artıracağı və Asiya–Avropa bağlantısını daha da gücləndirəcəyi gözlənilir.
“AzPolitika.info”



