Pezeşkianın dövründə Azərbaycana münasibətdə radikal dəyişikliklər olmayacaq
İran Prezidenti Məsud Pezeşkianın guya Azərbaycanı hədəf göstərdiyinə dair xarici KİV-də yayılan iddialar müzakirələrə səbəb olub. “The Telegraph” (“Teleqraf”) nəşri M.Pezeşkianın Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlərin hədəfə alınmasını təklif etdiyini yazıb. Rəsmi Bakı iddianı feyk hesab edərək, Tehrandan məsələyə aydınlıq gətirməsini istəyib.
İran prezidentinin adından belə bir açıqlamanın yayılmasının səbəbi nədir?
Polise.az -a danışan politoloq Oqtay Qasımov deyib ki, İranda prezident seçkilərinin başlaması ilə maraqlı proseslərin şahidi olduq:
“Azərbaycan türkü M.Pezeşkianın prezident seçilməsi İran daxilində və xaricində müəyyən ümidlər yaratmışdı. Onun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atacağı düşünülürdü. Amma Pezeşkianın vəzifəyə gəlməsindən qısa müddət sonra İran mediasında İrəvana 500 milyon dollarlıq PUA-ların veriləcəyi xəbərləri yayıldı. İranın Ermənistandakı səfiri Mehdi Sübhani həmin məlumatı təkzib etməyə çalışsa da, bunun doğru olduğu hər kəsə məlumdur. Ermənistan müdafiə naziri Suren Papikyan İranda səfərdə olarkən məsələyə dair razılaşma imzalanmışdı. İranın erməni hərbçilərə müəyyən təlimlər keçdiyi də aydın məsələdir”.
Politoloqun sözlərinə görə, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra yaranan gərgin vəziyyətdə bəzi qüvvələr Tehran-Bakı münasibətlərinin zərər görməsini istəyirlər:
“Pezeşkianın adından yayılan məlumatların arxasında da elə iki ölkə arasında münasibətlərin gərgin olması, Güney və Quzey Azərbaycan arasında məsafənin yaradılması cəhdi dayanır. Fikrimcə, Pezeşkian rəsmi Tehranın Bakıya münasibətində radikal dəyişikliklər edə bilməyəcək. Azərbaycan da haqlı olaraq sözügedən məsələlərə aydınlıq gətirilməsini istəyir.
Xatırladım ki, İran və Azərbaycan arasında son 3-4 il ərzində yaşanan sıxıntılar 2023-cü ilin sonlarına yaxın normallaşmağa başlayıb. İranın mərhum prezidenti İbrahim Rəisinin sərhədimizə son səfəri çərçivəsində də münasibətlərin yaxşılaşdırılması istiqamətində razılıqlar əldə edilmişdi”.
Polise.az