Pezeşkianın inaqurasiyasına Azərbaycandan kim gedəcək?
İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.
Musavat.com xəbər verir ki, bunu İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib.
Onun sözlərinə görə, Pezeşkianın andiçmə mərasimi iyulun 30-da günortadan sonra keçiriləcək.
Səlimi həmçinin bildirib ki, çərşənbə axşamı – iyulun 30-da səhər saatlarında İslam Şurası Məclisinin deputatları prezidentin andiçmə mərasiminin qonağı olan xarici nümayəndə heyətləri və rəsmiləri qarşılayacaqlar.
Əlirza Səlimi xarici nümayəndə heyətləri və rəsmilər barədə geniş açıqlama verməyib, adlar çəkməyib.
Maraqlıdır, Azərbaycan Respublikasından İran prezidentinin inauqurasiyasına kim gedəcək?
Modern.az saytı Məsud Pezeşkianın andiçmə mərasimində Azərbaycan Respublikasından kimin iştirak edəcəyini dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyilə əlaqə saxlayıb. Lakin nazirliyin Mətbuat xidməti idarəsindən bu barədə hələ ki məlumata malik olmadıqları deyilib.
İyulun 5-də keçirilən təkrar seçkilərdə İran siyasətçilərinin islahatçılar qanadının namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian ölkənin yeni prezidenti seçilib.
Polise.az