Pezeşkianın Rusiyaya mühüm səfəri: Moskva və Tehran Qərbə qarşı birləşir
İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq və Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması üçün yanvarın 17-də Moskvaya səfər edəcək.
Polise.az xəbər verir ki, yeni sənəd köhnəlmiş 2001-ci il müqaviləsini əvəz edəcək və Moskva ilə Tehran arasında Qərblə kəskin münaqişə kontekstində münasibətlərin səviyyəsini yüksəldəcək.
İran diplomatik mənbələrinin verdiyi məlumata görə, səfərin prioritetlərindən biri Moskva ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olacaq. Bu, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Rusiya və İranın yaxınlaşma istiqamətində qəti addım olacaq.
Qeyd edək ki, ötən ilin iyulunda sələfi İbrahim Rəisinin təyyarə qəzasında ölümündən sonra prezident seçilən Pezeşkian hakimiyyətə gəldiyi ilk günlərdən Moskva ilə kəskin yaxınlaşmağa doğru irəliləyib və Rusiyanın ali rəhbərliyi ilə şəxsi əlaqələri gücləndirib.
Belə ki, ötən ilin sentyabrında Məsud Pezeşkian gözlənilmədən İran paytaxtına səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib və onu əmin edib ki, yeni yaradılmış İran hökuməti “Rusiya ilə ikitərəfli münasibətlərin səviyyəsini yüksəltmək üçün ciddi şəkildə işləməyə davam edəcək”.
Sergey Şoyqu ilə danışıqlardan sonra İran prezidentinin internet saytında “Tehranla Moskva arasında münasibətlərin daimi və davamlı şəkildə inkişaf edəcəyi və Qərbin İran və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların azaldılmasına kömək edəcək” bəyanatı yayıldı.
Oktyabr ayında isə Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində iştirak etdi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rusiya liderini “dostu” adlandıran Məsud Pezeşkian Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin “tərəflərin razılaşdığı tarixdə və ilk fürsətdə” imzalanacağına ümid etdiyini bildirdi.
Bundan əlavə, o, BRİKS ölkələrini “ABŞ-nin bütün dünyada birtərəfli hegemon siyasətinə effektiv şəkildə qarşı çıxmaq və sanksiyaların İran və Rusiyaya təsirini azaltmaq üçün işi davam etdirməyə” çağırdı.
Yeni il ərəfəsində hər iki tərəf müqavilənin mətninin razılaşdırılması üzrə işlərin yekunlaşdığını və yaxın vaxtlarda yeni Rusiya-İran sammitinin keçiriləcəyini açıqlayıb. Sənədin mətni hələ açıqlanmasa da, artıq Moskva və Tehranda onun əsas məzmununu ortaya qoyan sızmalar və şərhlər peyda olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın sonunda RİA Novosti-yə müsahibəsində dediyi kimi, yeni saziş Moskva və Tehranın təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq etmək istəyini təsbit edəcək.
Öz növbəsində, “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb ki, Donald Tramp vəzifəyə gəldikdən sonra İslam Respublikasında nüvə silahının yaradılmasının qarşısını almaq üçün İrana qabaqlayıcı aviazərbələr endirmək imkanını nəzərdən keçirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, ABŞ-nin İranın nüvə proqramı obyektlərinə hücumla hədələməsi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır və BMT Təhlükəsizlik Şurası ABŞ-ı beynəlxalq səviyyədə məsuliyyətə cəlb etməlidir.
Polise.az