PKK silahları harada təhvil verəcək? – Türkiyəli generalla MÜSAHİBƏ

Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yücel Karauz Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Yücel bəy, PKK-nın silahı yerə qoyduğunu açıqlaması Türkiyənin digər müstəvilərdəki siyasətinə necə təsir edə bilər? Bununla 40 illik savaşın bitdiyini söyləmək olarmı?
– Türkiyə dövləti terrorsuz ölkə və terrorsuz bölgə hədəfi ilə yola çıxaraq, bir qərar verib. Ölkəmizdə terrorun bitməsinə rəğmən onun gələcəyini daha yaxşı formada şəkilləndirmək lazımdır. Türkiyəni terrordan daha çox uzaq tutmaq üçün bir istiqamət müəyyənləşib. Bu baxımdan da terror təşkilatı olan PKK-nın silah buraxması mühümdür. Sözsüz ki, bu prosesin irəliləməsi, görüləcək işlərlə bağlı bir yol xəritəsi ortada müəyyənləşməlidir. Bu məsələ ilə bağlı aydın olmayan məsələlər var. Ona görə də 40 illik savaşın bitdiyini bəyan etmək hələ çox tezdir. Bu müddətdə açıqlanan bəyanatların yerinə yetirilməsini gözləmək lazımdır.
– Bu müddətə qədər PKK-nın silahı buraxacağı ilə bağlı hər hansı bəyanatı olubmu?
– Bəli, keçmiş dövrlərdə də PKK silahı buraxmaq, ləğv etməklə bağlı bəyanatlar yayıb. Amma bu baş verməyib. Ya ad, ya da şəkil dəyişdiriblər. Ona görə də bu məsələ ad və ya şəkil dəyişdirməklə olacaq bir proses deyil. Bu mövzuya aid istifadə edilən sözlər, açıqlanan fikirlərin yerinə yetirilməsi gözlənilir. Çünki cəmiyyətin bu məsələyə yanaşması çox həssasdır. Bu terrorun nəticəsi olaraq 40 minə yaxın şəhidimiz var və vətəndaşlarımız bu savaşdan çox zəiyyətlər şəkib. Ona görə də səslənən fikirlərə diqqətlə yanaşılmalıdır.
– PKK-nın silahı buraxmağa hazır olmasını rəsmən elan etməsi son dərəcə ciddi hadisədir. Görünən odur ki, AKP-MHP birliyi bunu da bacardı. Bununla Qərbin və Rusiyanın və Türkiyəni zəif görmək istəyən digər dairələrin də əlindən son dərəcə ciddi bir təzyiq vasitəsinin geri alındığını söyləmək olarmı?
– Bu dövr tək Türkiyə ilə bağlı deyil. PKK-nı dəstəkləyənlər, onu quranlar, onu qoruyanlar, xarici qüvvələr prosesi pozmağa cəhd edə bilər. Eyni zamanda PKK-nın daxilində sülh istəməyən qruplar prosesi pozmağa çalışacağı da istisna edilmir. Siyasi müstəvidə də Türkiyənin əsaslarını sarsıtmaq üçün fərqli arqumentlərlə bu prosesi düyünləyə bilərlər. Ona görə də bu uzun və incə bir yolu bütün nəticələrini nəzərə alaraq addım atılmalıdır.
– PKK-nın silahları harada və necə təslim edəcəyi hələ açıqlanmayıb. Bununla bağlı proses necə idarə olunacaq?
– Silahların Suriya ərazisində təhvil verilməsi gözlənilir. Eyni zamanda terror təşkilatının İraq ərazisində də əllərindəki silahları təhvil verməsi çox önəmlidir. İllərdir onlar bu bölgədə özlərinə mühüm dayaq qurmuşdular. Ona görə də bu iki bölgədə PKK-nın özünü ləğv etməsi haqqında qərarı təsirli addım olacaq.
– Təhvil verilən silahların və şəxsi heyətin sayı ilə bağlı rəqəmlərin də açıqlanması gözlənilirmi?
– Terrorçuların əllərindəki silah və inventarın, şəxsi heyətin siyahısını dəqiq şəkildə açıqlanması da önəmlidir. Bütün bunlar mərhələli şəkildə həyata keçirildiyi halda əfv və cəza ilə bağlı da müəyyən güzəştlərin olması da mümkündür. Bunlar bir-birinə bağlı proseslərdir. Əgər bir yerdə problem olarsa, proses dayana da bilər. Bu baxımdan hər kəs öz üzərinə düşən vəzifələri düzgün şəkildə icra etməlidir.
Polise.az