Poetik ithaflar

Nəriman QASIMOĞLU
ANAR-88
Səksən bin ər gördümsə, səksənmədim… (Kitabi-Dədə Qorqud)
3+1=1
Sevimli yazıçım, əzizimiz Anar müəllimin portretini çəkməyə çalışıram…
dillənir duyulmur danlanır duyğulanır damlalanır dəryalanır
dalırlar durulurlar düşünürlər buxarlanır buludlanır baxırlar
ANAR – ÇAXMAQ QAYA
Daş kimi tulazlar sənə sözünü
kefi kəm, işi kəm kəmfürsət qoçaq.
Dayanıb bərəldir çaşqın gözünü
səndən sıçrayanda nur saçaq-saçaq.
Zəhərli dilini haçalandırır,
qoyur sözlərini bu sapandına.
Səndən qığılcımlar qopub qandırır
ətrafı, o sənə söz atan anda.
Sən də ki, bir çaxmaq qayasan axı…
Alayı aləmdir qığılcımların –
səndən birər-birər cövlana qalxır,
uçur, ulduz-ulduz göyə sancılır…
SƏNİNKİDİR
Qasım Qasımzadəyə
Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.
Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm, qarşımda üz səninkidir.
Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə –
üstündən qalxdığım miz səninkidir.
Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.
Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.
BİRİ MƏNDƏN KEÇİR O SƏTİRLƏRİN…
Sevimli yazıçımız Elçinə
Səni bir sətirtək yazmış ömrümə,
Həmd olsun Tanrıya, kəlməsi gözəl!
Zillərəm gözümü Tanrı əmrinə,
Bəzəyi, naxışı, ilməsi gözəl.
Salıram yadına bir dar macalı,
Min şükür, uğurla sınandı baxtım.
O sətrin içindən göyə ucalıb
Tanrıya uzalı əlimi sıxdın.
“And olsun qələmə, yazdıqlarına”,
Ulduztək parladır yurdumda səni.
Bir yazar işığı düşür yarına,
Sökülür dan yeri nurundan sənin.
Bax necə şəfəqlər göyə sərilir,
Enir sətir-sətir ağ vərəqlərə.
Biri məndən keçir o sətirlərin,
Qoşur məhrəm-məhrəm al şəfəqlərə.
İŞIQ ADAM
Xatirəsini hər zaman əziz tutduğum Xalq yazıçısı Hüseyn Abbaszadə ilə görüşlərimizin birinə ona həsr etdiyim belə bir şeirlə gəlmişdim
Bu da alayı möcüzə –
işıq adam.
Nur bağışlar baxan gözə
işıq adam.
Yox iblisə ayaq yeri,
çilçıraqdı həndəvərim,
ətrafda nur ləpirləri –
işıq adam.
Uçurur qara sədləri –
qalır altında dərdlərim.
Kölgədə qoyur bütləri
işıq adam.
Meracdanmı dönüb gəlmiş,
zülməti söndürüb gəlmiş,
Allahdandır, enib gəlmiş
işıq adam.
EŞQ ELÇİSİ
Vaqif Bayatlının portreti
Sən də oldun eşq elçisi,
yükün nə gözəl!
Göy üzündə süzür ruhun,
peykin nə gözəl!
Bu eşq alayı bir yazı,
dərgahdan gəlir avazın,
açırsan Tanrı qapısın –
ərkin nə gözəl!
Hey uçursan könlümə tuş,
mələklər sevgindən bihuş,
bu nə qanad, bu nə uçuş –
halın nə gözəl!
Qəlbindən nur qəlbilənir,
yanağında ləpələnir,
başında nur təpələnir –
halən nə gözəl!
SU SƏPİR ARXANCA GÖZLƏRİM
Tamara Ələkbər qızının əziz xatirəsinə
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır –
dodağın alnımda hərarətölçən.
“Sənə maman qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi,
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayağım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
Bu addım səsləri mənə bəllidir,
işdənmi qayıdıb gəlirdin yenə,
doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
Qoyduğun nə varsa qalıbdır bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidir –
göylər bu məclisin tamaşasında.
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə –
tutmuşam əlindən, gözlərim dolur.
Çıxırsan qapıdan, əlim yellənir –
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
ƏLVİDA, AMAZONİYA
1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirmiş “qara polkovniklər”in qənimi, nüfuzlu tribunalardan xuntaçıların beynəlxalq təcridinə səsləyən alovlu nitqləri, xunta əleyhinə partizan hərəkatının təşkilində göstərdiyi xidmətlərə görə məşhurlaşmış yunan qızı Xanım Maria Becketə
Canım bədən, gözüm bədən,
almışam səni caynağından vətənin,
daşıyıb gətirmişəm Amazoniyaya
sürüyə-sürüyə,
sallada-sallada
səni, zavallı bədəni.
İndi sən dəmi
nə əcəb, nə gözəl,
altından çaylar axan bu yerlərdə
ağaclarla danışırsan,
dindirirsən otları, çiçəkləri.
Vəhymi daşıyır sənə
lal gecənin əfsunu,
çəkirsən yorğan-yorğan yarpaqları üstünə,
qulaqların səssizliyə şəklənir.
Könlün nəğmə oxuyur
ruhların lisanında,
yuyunursan qəfil yay leysanında,
yüngülləşir, uçursan,
ruhlaşır, ruhlaşırsan.
İndi sən Həvvadan öncəki hal,
mən Adəmdən.
Baxırıq yer üzünə
Amazoniya göylərindən.
Nə möhtəşəm bir əhval!
…Fəqət yenə o ağac,
yenə o kor nəfsimiz,
yenə o qüdsal günah,
yenə o ali tənə,
yenə o saf izdivac,
yenə yola düşürük
cənnətlərdən vətənə.
Göylərdə şəkillənən
bir qoşa ruhun əksi
düşür, düşür, qarışır
cənnətlərdə suların
qarışdığı bir çaya.
Əlvida, Amazoniya!
Əlvida, Amazoniya!
Braziliya, Manaus – Sao Paulo
16-23 iyul, 2006
ŞUŞA: PRELÜD, POSTLÜD
Qarabağ döyüşlərinin qəhrəman
şəhidlərinə, qazilərinə ithaf
lll
Bu da bir taledir payıma düşüb –
Şuşasız günləri yaşamaqdayam,
özüm öz dərdimin hayına düşüb
hüceyrə-hüceyrə aşınmaqdayam.
Ağzım dualıdır, ürəyim dolu,
zillənib gözlərim o uca taxta.
Tanrı dərgahına uzanan yolu,
onsuz necə gedim bu qara baxtla?
Baxışı cığıra, yola dikili
Şuşam səni bəklər bozqurdum mənim,
di atıl qabağa cumaq irəli,
itirib səmtini başsız bədənim.
Şuşasız qalmışam mən günüqara,
nə yaxşı susmayır, sızlayır yaram.
Qoymaram ürəyim dönə məzara,
qoymaram bu dərdi ölə basdıram.
Bu yanğı sönməz də köz olub qalar
içimdə, bu dərddir məni isidən.
Şuşa bir xitabət kürsüsü olar,
söylərəm son sözü həmin kürsüdən.
1993
lll
Közərdi, sönmədi bu dərd, ölmədi
küllənən könlümdə illərdən bəri.
Üfürdün, alışdı, yaxdı zülməti,
ilıq nəfəsinlə açdım səhəri.
İlahi, həmd olsun, danışan məndim,
məndəydi o kürsü, bu mənə şükür.
Ayəti-kürsünə qarışan məndim,
enmişdim Şuşaya, kəlmənə şükür.
Dan yeri nuruna qarışdı haləm,
məsh çəkdi gözlərdə yazılan himnə.
Müdhiş bir mənzərə… zilləndi aləm
hüceyrə-hüceyrə hərflənən mənə.
Yazıydım, duaydım… bilmədim necə
qəfil havalandı söz güllələrim,
durduğum kürsüdə məni müstəcəb
eylədi avtomat zəngulələri.
Nə gözəl söylədim o son sözümü,
gəldi əks-sədası göylərdən, şükür.
Tanrıya tutmuşam indi üzümü,
Ondan varlığıma bir hüzur çökür.
2021\525-ci qəzet\
Polise.az



