“Polisə Dəstək” İctimai Birliyi İnsan Alverinə qarşı maarifləndirmə tədbiri həyata keçirib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Humanitar Kollecində “İnsan Alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” layihəsi üzrə seminar- mühazirə keçirmişdir.
Aktual mövzu ilə bağlı geniş tədbirdə Pedaqoji Universitetinin dekanı Nailə Hüseynova , dekan müavini Yeganə Məmmədova, məktəbəqədər təhsil pedaqokiasının müdiri Səidə Abdullayeva, Humanitar Kollecin direktoru Nərmin Qaralova, Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Rövşən Əliyev, Kollecin müəllim və tələbələri, Layihə rəhbəri “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev və Layihə üzrə ekspert Aydın Kərimov iştirak etmişlər.
Layihə üzrə çıxış edən – Şəmsəddin Əliyev, Aydın Kərimov və Rövşən Əliyev insan alveri cinayətlərinin BMT-nin də qlobal problemlərindən, Respublika DİN-nin İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun fəaliyyətindən, 2026-2030-cu illəri əhatə edən Milli Fəaliyyət Proqramın hökumət qarşısında qoyduğu öhdəliklərdən söz açmış, İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin və təhsil müəssisələrinin rolundan, qurbanların müdafiəsi və onların sosial reinteqrasiyasından danışmışlar. İnsan alverinin formaları, işə qəbul adı altında aldadılma, əmək və cinsi istismar, məcburi əmək, dilənçiliyə cəlb etmə və internet üzərindən istismar riskləri barədə tələbələrə məlumatlar verilmiş, işsizlər, aztəminatlı ailələr və miqrantlar – sosial baxımdan həssas şəxslərlə profilaktik proqramların həyata keçirilməsini məqsədəuyğun hesab etmişlər.
Çıxış edənlər həmçinin, qurbanlara hüquqi məsləhətlərin verilməsi, psixoloji yardımın edilməsi, onların peşə hazırlığına və əmək bazarına reinteqrasiya olunması, insanların miqrasiya və şəxsi sənədlərlə bağlı hüquqlarını bilməsi, insan alverinin yeni formaları, xüsusilə rəqəmsal platformalar vasitəsilə tələyə salma üsullarını araşdırıb dövlət orqanlarına təkliflərin verilməsi, QHT-lərin polis, təhsil müəssisələri və digər qurumlarla koordinasiyanın gücləndirilməsinin vacib olduğu diqqətə çatdırılmışdır. İnsan alverinə qarşı mübarizədə maarifləndirmə işi erkən profilaktika hesab edilmişdir. İnsan alveri ilə bağlı risk haqqında məlumatların gənclərə hadisə baş verməzdən əvvəl çatdırılması – asan və yüksək gəlirli iş vədləri, xaricdə qanunsuz iş təklifləri, saxta işə və xarici təhsil ocaqlarına qəbul elanları, internetdə tanımadıqları şəxslərlə sıx münasibətlərinin, şəxsi məlumatların paylaşılması, sənədlərin başqa şəxslərə etibar edilməsi riskləri ətrafında izahlar verilmişdir.
İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə peşə və ali təhsil ocaqlarına ayrıca proqramların tədrisi barədə təkliflər verilmiş, xaricdə oxumaq istəyən, işləməyə hazırlaşan gənclərə qanuni əmək və təhsil vizalarının verilməsi, müqavilələrinin bağlanılması, miqrasiya sənədləri, işəgötürənin yoxlanılması və hüquqi müdafiə haqqında nəzəri və praktik biliklərinin artırılması üçün tövsiyələr diqqətə çatdırılmışdır.
Sonda tələbələrin verdiyi suallar mahiyyəti üzrə cavablandırılmışdır.




Polise.az



