“Polisə dəstək” İctimai Birliyinin sədri: Kriminal hadisələrdə artımlar müşahidə edilsə də vəziyyət nəzarətdədir
Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.
“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Sherg.az”a deyib ki, cinayətkarlıq dövlət yarandığndan bu günə qədər olub:
“Heç bir cəmiyyəti cinayətkarlıqdan sığortalamaq və müdafiə etmək mümkün deyil. Cinayətkarlığın kökünü kəsmək sovet dövründə kommunist ideologiyasına xas olan bir cəhət idi. O da özünü doğrultmadı. Cəmiyyət inkişaf etdikcə klassik hüquqşunasların və kriminalistlərin “Hətta ideal cəmiyyətlərdə belə, ideal cinayətlər olub” fikri formalaşıb. Ağ köynək geyinən dövlət məmurlarından belə kifayət qədər qanunları bilən, etdiyini anlayan, vətənə, dövlətə, vəzifəsinə sədaqət nümayiş etdirməli olanlar da öz şəxsi maraqlarına üstünlük verərək müxtəlif vəzifə cinayətlərini törədirlər. Bu baxımdan düşünürəm ki, ölkədə təhlükəsizlik, cinayətkarlıqla mübarizə nəzarətdən çıxmayıb. Yəni kriminal hadisələrdə artımlar müşahidə edilsə də vəziyyət nəzarətdədir. Ümumiyyətlə insanların beyinlərində nə baş verdiyini öncədən görmək mümkün deyil. Bu gün Azərbaycanda polisin şəxsi heyəti Avropa ölkələrinə nisbətən azdır. Digər tərəfdən Avropada, Finlandiyada və digər ölkələrdə hər 100 min nəfərə 4-6 min cinayət düşür. Azərbaycanda isə 250-260 cinayət düşür. İl ərzində narkotik vasitələrin hesabına artım müşahidə edilən cinayətlər 26-27 min təşkil edib. 2023-cü ildə isə təxminən 31 mindən artıq cinayətlər qeydə alınıb. Ancaq onun 92 faizə yaxını açılması təmin edilib. Yəni bunlar ona görədir ki, cinayət və cinayətkarlıq var. Onun aradan qaldırılmasını doğuran səbəblərin ləğvi ilə bağlı isə müxtəlif dövlət qurumları fəaliyyət göstərir. Bu sahədə Milli fəaliyyət proqramı da mövcuddur. Yəni insan alveri, narkotik vasitələrin qanunsuz görülməsi ilə bağlı fəaliyyət proqramları var. Ancaq belə halların olması kifayət qədər narahatlıq doğur və əhali arasında vahiməyə səbəb ola biləcək vəziyətdir. Düşünürəm ki, cinayəti doğuran səbəblərin aradan qaldırılması istiqamətində istintaq aparan qurumlar, Baş Prokurorluq və digər istintaq orqanları konkret təkliflər verəcək və təqdimatlar göndərəcəklər ki, onların aradan qaldırılması üçün təxirə salınma tədbirləri görülsün. Bu baxımdan da cəmiyyətimiz susqunluq nümayiş etdirməməlidir. Cinayətkarlıqla bağlı hüquq mühafizə orqanlarına dəstək olmalıyıq. Təhlükəsizlik qurumlarının, dövlət orqanlarının cinayətkarlıqla mübarizə missiyası unudulmayıb. Paytaxtda gecə saatlarında təhlükəsizlik təmin olunur. Cəmiyyəti qəbirstanlığa bənzətmək olmaz. Düşünürəm ki, narahatlığa əsas yoxdur. Bu sahədə mübarizə var”.
Kriminalist Teymur Baloğlanov isə bvildirib ki, 10 milyonluq əhali olan ölkədə bu hadisə təəccüb doğurmamalıdır:
“Düşünürəm ki, ümumi cinayətkarlıq statikasında adi cinayətlərdən biri hesab edilir. Ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatçılıq keçirmirəm. Hesab edirəm ki, narahatçılıq keçirmək əbəs yerədir. Çünki bunun qarşısını almaq üçün polis orqanları öz funksiyalarını yerinə yetirməklə məşğuldurlar”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib ki, evinə basqın olunan şəxslər bu barədə polisə məlumat verməlidir:
“Belə halların qarşısını almaq üçün məhlələrdə, binalarda təhlükəsizlik kameralarının sayı artırılmalı, siqnalizasiya sistemi quraşdırılmalıdır. Mühafizə polisinə birbaşa bağlanma siqnalizasiya sistemi mövcuddur. İmkana görə bunlardan istifadə olunmalıdır. Digər tərəfdəndə ehtiyat tədbirləri olaraq qapı, pəncərələr bağlanılmalı və barmaqlıqlar quraşdırılmalıdır”.
Polise.az