Polis əməkdaşları Anım Günü ilə əlaqədar ağac əkiblər
27 sentyabr Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, nazirliyin aidiyyəti baş idarə, idarə və xidmətlərinin rəisləri, digər vəzifəli şəxslər iştirak ediblər.
Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular boş qalmış ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.