Polislə bir gün: gecə Bakı şəhərində, bölmələrdə nələr oldu – Reportaj

Karantin rejimində DİN əməkdaşlarının üzləşdikləri çətinliklər, yadda qalan hadisələr və 3 gündür övladını görməyən gənc polis baş leytenantı…


Birinci yazı


Dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə də tətbiq edilən xüsusi karantin rejimi dövründə ən çox əziyyət çəkən zümrə polis oldu desək, yanılmarıq. Bu dövrdə ən böyük yük DİN əməkdaşlarının üzərinə düşdü. Biz ən çoxu evə qapanmışıq, yatmışıq, kitab oxumuşuq, musiqi dinləmişik. Onlar təkcə günün altında, küçələrdə ikiqat zəhmət çəkmədilər, bəzən haqlı-haqsız tənqidə də tuş gəldilər.

Əlbəttə, istənilən qurum, sahə ilə bağlı sağlam tənqidləri hər zaman səsləndirmək mümkündür və bu, əslində inkişafa yönəlir. Məsələn, Yasamaldakı məlum hadisələrdə qanunsuz hərəkətlər edən vətəndaşlarla yanaşı, aşırı davranışı olan polis əməkdaşları da cəzalandırıldı. Lakin ortada danılmaz bir həqiqət var: Hazırkı dönəmdə biz hər birimiz polisin çox çətin bir iş şəraitində çalışdığının şahidiyik. Əlbəttə, polis humanitar təşkilat deyil, onun vəzifəsi vətəndaşı, ictimai asayişi qorumaq və qanunların, Konstitusiya normalarının tələblərini icra etməkdir. Bu zaman qanuna tabe olmayanlarla, cinayət, inzibati xəta törədən şəxslərlə də təbii olaraq sərt davranılması polis anlayışına, fəlsəfəsinə də uyğundur.
Dünyanın hər yerində, demokratiyanın beşiyi hesab olunan Amerika Birləşmiş Ştatlarında da polis gərəkən anda ən sərt davranışları tətbiq edir. Elementar bir nümunə: ABŞ-da yol polisi sükan arxasındakı vətəndaşı saxladanda, patrul əməkdaşı ona yaxınlaşıb, hansısa göstərişini səsləndirməyənədək sürücü əllərini sükandan çəkərsə, polisin hətta ona dərhal atəş açmaq səlahiyyəti var…

Dünya ilə müqayisədə Azərbaycan polisi kifayət qədər humanistdir. Ötən iki həftədə polisin fəaliyyəti, peşəkarlıq məsələsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də mediada kifayət qədər müzakirələr açıldı. Bu müzakirələrin getdiyi vaxtda ötən bazar ertəsi günü – evdə qaldığımız sərt karantin günündə kondisionerin sərinlətdiyi otağın pəncərəsindən həyətə baxırdım. Çöldə bərk isti vardı, heç meh də əsmirdi. Küçədə, günün altında yalnız ayağında “botinka”, üzərində xüsusi ləvazimatlar, rabitə cihazı, planşet olan polislər gözə dəyirdi: bir zabit, 2 polis nəfəri həyətdə var-gəl edir, elan edilmiş karantin qaydalarının pozulmaması üçün xidmət aparırdılar.
Bu vaxt beynimdən bir fikir keçir: axı mən vaxtı ilə – redaktorluğa qədər yaxşı reportajlara imza atmışam, nədən indi polisin bu günlərdəki fəaliyyətinə dair bir reportaj üçün cəhd etmirəm? Bunu edən yoxdursa, niyə cəhd göstərməyim? Axı çox maraqlı olar…
Həmən ağlıma bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmək gəlir. Və qeyri-ixtiyari Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, dostumuz Elşad Hacıyeva kiçik bir mesaj yazıram. Təbii, cavab verir və bildirir ki, nə zaman istəsəniz Bakı şəhəri üzrə rayon polis idarələrinin, bölmələrinin, polis naryadlarının cari xidmətini müşahidə edə, reportaj hazırlaya bilərsiz.

Düşündüm, ən maraqlısı gecə naryadlarını izləmək olar. Buna da yox deyilmir. Elşad Hacıyevdən bir xahiş də edirəm: Lütfən, gedəcəyimiz idarələri öncədən məlumatlandırmayın. Cavab belə olur: “Hansı idarəni, bölməni, ərazini istəsəniz ora getməyi spontan qaydada özünüz seçərsiniz, mən özüm də bu gecə yatmayacam, işdə, şəhərdə olacam, hara getsəniz, harada olsanız, nəsə problem yaransa mənə zəng edin, gəlim ora”.

Belə də olur. “Yeni Müsavat” Media Qrupunun çevik fotomüxbiri Elçin Əkbərlə birlikdə saat 23 radələrində düşürük Bakının küçələrinə. Öncə Nizami rayonu ərazisində post-patrul xidməti avtomobillərinin hərəkət trayektoriyası üzrə onları müşahidə edirik. Çox diqqətlidirlər, PPX maşınlarından birinin arxasınca Qara Qarayev prospekti boyunca məhəllələrin arasında gedərkən, polislər avtomobili saxlayıb onlar da bizi müşahidə etməyə başladılar. Ampluamıza uyğun olaraq, yaxınlaşıb Nizami Rayon Polis İdarəsini axtardığımızı deyirəm. Yolu bizə izah edib, onlar xidmətlərini davam etdirdilər.

IMG-20200617-WA0005.jpg (100 KB)

Nizami Rayon Polis İdarəsinə doğru gedərkən marketlərin birinin qarşısında hansısa bir hadisə baş verdiyini, post-patrul xidmətinin əməkdaşlarının da burada olduğunu görürük. Dayanıb, nə baş verdiyini öyrənməyə çalışırıq. Bəlli olur ki, bir xanım marketdəki ödəmə aparatı vasitəsi ilə ödəniş edərkən mağazanın işçisi aparatı elektrik şəbəkəsindən ayırıb. Bu, o zaman baş verib ki, qadın pulu aparata daxil edib, əməliyyatın sona çatmasını gözləyirmiş. Cihazın elektrik şəbəkəsindən anidən ayrılması isə prosesin yekunlaşmasına imkan verməyib. Mübahisə yaranıb və əraziyə çağırılan polis əsəbi halda olan qadını sakitləşdirməyə çalışır, probleminin həll olunacağını bildirir. “Mən şəhid anasıyam” deyən qadın başına gələn hadisənin rəsmiləşməsini, pulunun geri qaytarılmasını, onunla kobud davranan market işçisinin cəzalandırılmasını istəyir. Polis əməkdaşları nəzakətlə ona izah edir ki, gedib bölmədə şikayətini yazsın, sonra isə onu özləri evinə aparacaqlar. Beləcə, qadın sakitləşir və polislərlə birgə bölməyə yollanır…

Biz isə Nizami Rayon Polis İdarəsinə gedirik. 

IMG-20200617-WA0008.jpg (91 KB)

Növbətçi hissəyə yaxınlaşırıq, özümüzü təqdim edirik, gəlişimizin məqsədini bildiririk. Növbətçi hissənin əməkdaşı rəisə məruzə edir. İdarənin həmin gün cavabdeh zabiti, əməliyyat qrupunun rəhbəri olan RPİ-nin rəis müavini bizi qəbul edir. Əməliyyat sahəsində olması səbəbindən onun şəklinin çəkilməsinin və adının yazılmasının məqsədəuyğun olmadığını bildirir, ancaq nə sualımız olarsa, cavablandırmağa hazır olduğunu bildirir.

IMG-20200617-WA0017.jpg (85 KB)

Rəis müavini qeyd edir ki, karantin dövründə polis əməkdaşları mart ayından gücləndirilmiş iş rejimində çalışıblar: “Bu müddətdə ərazidə naryadların sayı artıb, həmçinin bizə Daxili Qoşunların əməkdaşları da kömək edir. Maksimum gücümüzlə çalışırıq və hesab edirəm ki, işimizin öhdəsindən layiqincə gələ bilirik”.

– Maraqlıdır, pandemiya dövründə əvvəlki dövrlərlə müqayisədə cinayət statistikasında hansı dəyişiklər var?

– Bu dövrdə cinayətlərin sayı azalıb. Məhdudiyyətlərlə bağlı həm vətəndaşlar evdə otururlar, həm də polis gücləndirilmiş rejimdə çalışır deyə, cinayətlərin sayı əvvəlki dövrlərdən xeyli azdır.

– Vətəndaşların karantin rejimini pozmalarında hansı istiqamətə dəyişiklik var?

– Azalma gedir. Məhdudiyyətlərin tətbiq edildiyi ilk vaxtlarda qaydaları pozanlar çox idi. Bir çoxları hətta deyirdi ki, inanmıram və sair. Ancaq zaman keçdikcə, qaydalara əməl edilməməsi səbəbindən insanların öz yaxınları da xəstələndikcə, xəstə sayı artdıqca insanlar artıq özlərini qorumağa çalışırlar, polis karantin qaydalarını qorumağı tələb edəndə mübahisə yaratmırlar.

– Polisə ən çox nə üçün müraciət edir vətəndaşlar?

– Karantin müddətində polisə ən çox müraciət həftəsonları tətbiq edilən sərt rejim günlərində olub. Uşağı xəstələnən, yaşlı adamlar, yardım istəyənlər kifayət qədər olub və biz onların hər birinə müvafiq yardımı etmişik. Mən şəxsən özüm bu həftə sonu ərazidə müşahidə apararkən bir eşitmə, danışma məhdudiyyətli şəxsin küçədə qaldığını gördüm. Onun ünvanını tapdıq, evinə apardıq. Xeyli vətəndaşı özümüz maska ilə təmin etdik. Əlbəttə, bunların demək olar heç birini ictimailəşdirməmişik. Təkcə 14-16 iyunda sərt karantin günlərində 30-dan çox vətəndaş Nizami Rayon Polis İdarəsinin əməkdaşlarından yardım istədi və onların hamısının çağırışlarına gedildi. Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə mərkəzləşmiş qaydada bütün çağırışlara həssas yanaşılıb.

– Vətəndaşların bu dönəmdə polisə münasibəti sizi qane etdimi?

– Vətəndaşlar başa düşür ki, biz bütün tədbirləri onların sağlamlığının qorunması üçün görürük. Ona görə də polisə münasibətin yüksək olduğunu deyə bilərəm. Düzdür, qadağaların tətbiq olunduğu ilk günlərdə müəyyən anlaşılmazlıq göstərən vətəndaşlar da olurdu. Son həftəsonu qadağalarında artıq hiss edirik ki, əhali çağırışlara adekvat reaksiya verir. İnsanlar fərqindədir ki, bizim işlərimizin mahiyyəti onların xeyri, sağlamlığının qorunması üçündür. Əlbəttə, cəmiyyətdə hər cür düşüncəli adamlar var. Bəziləri var ki, qavraması fərqlidir, daha çox maariflənməyə ehtiyacı var, biz o vətəndaşları da maksimum maarifləndirməyə çalışırıq, ehtiyac yarandıqda inzibati cəza mexanizmləri tətbiq etməyə məcbur oluruq. Ümumilikdə isə insanlar bunun fərqindədir ki, hamı evindən oturur, polis isə 24 saat dayanmadan çalışır.

– Pandemiya şəraitində çalışmaq ilk dəfədir polisin təcrübəsində. Bu gələcək fəaliyyət üçün faydalı oldumu?

– Polis daim çevik reaksiya ilə işləyib və bütün situasiyalara hazırlıqlı olub. Əlbəttə, ilk dəfə idi ölkəmizdə belə vəziyyət yaranırdı, o üzdən fors-major halları üçün bəzi yeni təcrübələr də oldu. Digər tərəfdən vətəndaşların hüquqi maariflənməsi, normalara, qanunlara tabeçilik baxımından da faydaların olduğu şübhəsizdir. Biz bütün hallarda onun şahidi olduq ki, polis istənilən situasiyada işinin öhdəsindən gəlir…

Daha sonra idarədə növbətçi müstəntiqin hazırda nə iş gördüyü ilə maraqlanıram. Hansı işi araşdırır, bu gün hansı rejimdə çalışır?

Üzərinə “Müstəntiq”lər yazılmış qapını döyüb, otağa daxil oluram, içəridə gənc bir polis baş leytenantı var. Bu, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, əməliyyat qrupunun üzvü Fuad Bağırovdur. Qısa söhbətimizdən aydın olur ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirib, daha sonra özünü sınamaq üçün həm polis, həm ədliyyə, həm prokurorluq, həm xüsusi xidmət orqanlarında işə qəbul üçün imtahanlardan keçib. Deyir ki, bütün imtahanlardan üzüağ çıxıb, ancaq 2014-cü ildə polis orqanlarında fəaliyyət göstərməyə qərar verib. Bir neçə dəqiqəlik söhbətdə kifayət qədər hazırlıqlı, bilikli bir kadr olduğu anlaşılır. “Bir neçə sualımıza cavab verə bilərsinizmi” sualına Fuad Bağırovun cavabı belə oldu: “Əlbəttə”.

20200616_233027.jpg (4.63 MB)

Çox həvəslə cavab verir suallara. Çünki suallara cavabından, davranışından dərhal sezilir ki, savadlıdır, işini bilir, peşəkar kadrdır. Bəlli olur ki, gün ərzində həyətindən samovar oğurlanan şəxsdən tutmuş, qonşusu ilə dalaşan, oğurluq edən, telefonu itən şəxslərin bir neçə şikayəti daxil olub və onlar araşdırılır.
Deyir ki, bu gün cinayətin aşkara çıxarılması, şübhəli şəxsin yaxalanması üçün Daxili İşlər Nazirliyinin əməkdaşları bütün müasir texniki vasitələrlə, kibertexnologiya, informasiya-kommunikasiya vasitələri ilə təmin olunub: “DİN-in bugünkü fəaliyyəti, əməliyyat-axtarış, istintaq işləri müasir dünyanın tələbləri çərçivəsində qurulub, bunu mən əminliklə söyləyə bilərəm”.

Məlum olur ki, Fuad Bağırov bu gecə qrafik üzrə növbətçi müstəntiqdir. Bundan əvvəlki günlərdə – bazar və bazar ertəsi günlərində tətbiq olunan sərt karantin rejimi günlərində iki gün xidmətdə olub, daha sonra isə idarədə növbətçi müstəntiqdir: “Bu, mənim işimdir. Sevirəm işimi. Düzdür, mövcud rejimdə çox ağırdır işimiz. Təsəvvür edin, mən 3 gündür xidmətdəyəm, bu 3 gündə övladımın üzünü belə görməmişəm”.

Burada bir incə məqamı qeyd etmək yerinə düşər: gənc müstəntiq 3 gündür övladını görə bilmədiyini dedikdən bir qədər sonra – onunla söhbəti yekunlaşdırıb çıxanda, öz votsapıma evdən gələn mesaja baxıram: “Qızın bayaqdan səni soruşur, sakitləşmir, deyir atamı gözləyirəm”… Təsəvvür edin, ondan əvvəlki 2 günü bizlər evdə övladımızla baş-başa olmuşuq, gənc müstəntiq isə həmin 2 gündə və üstəlik də bu gün – birlikdə 3 gündür xidmətdədir, balasından ayrı. Bizim cəmi bir gecə evə gec gəlməyimizə övladımız dözmür. Polisi isə balası 3 gündür görmür. Mənə çox ciddi təsir etdi…

Sonra düşüb Polis İdarəsinin növbətçi hissəsinin iş fəaliyyəti ilə tanış oluruq. Növbətçi əməkdaş deyir ki, həm 102 xidmətinə edilən zənglər, həm rayon üzrə, daxil olan müraciətlər mərkəzləşdirilmiş qaydada cavablandırılır və müvafiq tədbirlər həyata keçirilir: “Mümkün deyil ki, bir müraciət, şikayət cavabsız qalsın. Gərəkən anda şikayətlər üzrə naryadlara xəbər verilir, hadisə baş veribsə ora qrup göndərilir”.

Növbətçi hissənin qarşısında vətəndaşlara hüquq və vəzifələrini izah edən lövhə asılıb.

Və diqqət çəkən daha bir guşə var burada – şəhid olmuş polis əməkdaşlarının xatirə lövhəsi…

IMG-20200617-WA0009.jpg (88 KB)

Nizami RPİ-dən çıxıb, yollanırıq Nərimanov rayonu istiqamətinə, polis naryadlarının fəaliyyətini müşahidə etməyə.

Dərnəgül yolu ilə gedərkən qarşımıza bir YPX maşını çıxır. Həmişə yol polisi bizi saxladıb, bu dəfə özümüz polisə yaxınlaşırıq və ona gecə polisin fəaliyyətini əks etdirən reportaj hazırladığımızı bildirib, bir-iki sualımıza cavab verməsini istəyirik.

IMG-20200617-WA0020.jpg (77 KB)

YPX əməkdaşı öncə rəisə məruzə edir, biz də Elşad Hacıyevə “məruzə edirik”, sonra suallarımıza cavab alırıq. Yol Patrul Xidmətinin inspektoru Ruslan Nuriyev bildirir ki, karantin günlərində Bakı şəhərində avtoqəzaların sayında azalma müşahidə olunub. Avtoxuliqanlıq edən, sərxoş sürücülər də eyni qaydada azalıb: “Təkcə karantin günlərində yox, avtoxuliqanlara ümumiyyətlə aparılan təbliğat və inzibati tənbeh tədbirləri nəticəsində demək olar çox az hallarda rast gəlinir”. YPX əməkdaşı deyir ki, sərt karantin rejimini pozan sürücülər heç bir istisna olmadan cəzalandırılıblar: “Sevindiricidir ki, əvvəlki dövrlə müqayisədə sonuncu sərt karantin tətbiq edildiyi günlərdə çox az sayda sürücü qaydaları pozdu. Bu gün də sərt karantindən sonrakı ilk gündür, maşınların hərəkətində sıxlıq olsa da, bizim xidmətdə bir çətinlik, axsama olmayıb”…
                                                                       

                                                               ***

IMG-20200617-WA0001.jpg (82 KB)

– Paytaxtın mərkəzi küçələrində gecə nələr oldu?
– Bölmələrə qəfil gəlişimizi polislər necə qarşıladı?
– Cəza təhdidindən yayınan şəxslər pandemiya dövründə özünü necə ələ verib?
– Maska altında gizlənəcəyini düşünən axtarışda olan şəxslər necə ifşa edilir?
– Bir gündə 4 pul kisəsi tapıb sahibinə verən polis nəfəri
Bu və digər maraqlı məqamları 2-ci yazıda oxuyacaqsınız.

Elşad MƏMMƏDLİ
Fotolar Elçin Əkbərindir

Hamısını Göstər

Related Articles

Back to top button