Politoloq: “Rusiyanın Şuşaya atılan raketlə bağlı izahatı gülməlidir”
Rusiya Şuşaya “İsgəndər-M” raketi atılması barədə məsələyə aydınlıq gətirməlidir. Bunu ABR24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Eldar Namazov deyib.
“İsgəndər-M” və bu tipli digər raketlərin başqa ölkələrə verilməsi beynəlxalq qanunların pozulmasıdır. Rusiya tərəfindən Ermənistana qeyri-qanuni olaraq bu cür raketlərin verilməsi çox ciddi hadisədir. Əminəm ki, onlar bununla bağlı cavab verməyə məcbur olacaq.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu hərəkəti erməni əsilli Rusiya vətəndaşının üzərinə atması gülməli izahatdır. Çünki bu tip raketlər ciddi nəzarət altındadır. Əgər Rusiya bununla bağlı yaxın zamanda ciddi açıqlama verməsə və hər şeyi izah etməsə, o cümlədən bu işdə əli olan insanlar cəzasını almasa, onda bu məsələ ilə beynəlxalq təşkilatlar məşğul olacaq”, – o bildirib.