Politoloqdan xəbərdarlıq: “Bu səfərin arxasında gizli mesajlar var”

Ukrayna prezidenti Volodimir Zelenskinin ardıcıl Avropa səfərləri fonunda Ankaraya planlaşdırılan səfəri region diplomatiyasında diqqət çəkən dinamikanı ortaya çıxarır. Rusiya-Ukrayna müharibəsinin kritik mərhələyə qədəm qoyduğu bir vaxtda Türkiyənin həm Kiyev, həm də Moskva ilə birbaşa təmas imkanına malik nadir aktorlardan biri olması bu səfərin siyasi çəkisini artırır. Eyni zamanda, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin paralel şəkildə Ankarada aparacağı görüşlər, müharibənin gələcək trayektoriyası ilə bağlı yeni diplomatik kombinasiyanın formalaşdığını ehtimal etməyə əsas verir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin İspaniyadan sonra Türkiyəyə səfəri regional siyasi kontekstə tam uyğun addımdır:

“Ankara ilə Kiyev arasında münasibətlər uzun müddətdir yüksək səviyyədədir və Türkiyə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən dövlətlərdən biridir. Bununla yanaşı, Türkiyə Qərb ölkələri arasında Rusiya ilə birbaşa dialoq kanallarını qoruyub saxlayan nadir aktorlardandır. Bu səbəbdən Ankara həm müharibənin əvvəlində, həm də sonrakı mərhələlərdə Rusiya-Ukrayna danışıqlarına vasitəçilik edən ölkə kimi önə çıxıb.

Zelenskinin səfəri müharibənin ən gərgin fazasının davam etdiyi bir dövrə təsadüf edir. ABŞ prezidentinin daha əvvəl münaqişənin dayandırılması ilə bağlı təşəbbüsləri olsa da, bunlar hələlik konkret nəticə verməyib. Əslində gözlənti o idi ki, Türkiyədə həm Rusiya, həm də Ukrayna nümayəndə heyətləri iştirak edəcək bir görüş baş tutsun. Lakin Moskva tərəfi bu mərhələdə dialoqa meyilli görünmür”.

Oqtay Qasımov əlavə edib ki, Zelenski ilə eyni vaxtda Türkiyəyə ABŞ prezidentinin xüsusi nümayəndəsinin gəlməsi, aparılan təmasların müharibənin gələcəyi ilə bağlı mühüm mesajlar verdiyini göstərir:

“Görünən odur ki, döyüşlərin dayandırılması üçün müəyyən diplomatik kanallar aktivləşdirilib. Hətta yayılan məlumatlara əsasən, ABŞ və Rusiya arasında müharibənin dondurulması ilə bağlı məxfi danışıqlar aparıldığı iddia olunur. Türkiyə isə bu proseslər barədə məlumatlandırılmaq niyyətindədir və Ankaranın yeni vasitəçilik təşəbbüsləri irəli sürəcəyi gözlənilir. Zelenskinin Avropa turunun, xüsusilə də Fransada “Rafale” qırıcıları ilə bağlı razılaşmanın imzalanmasının əsas məqsədlərindən biri Ukraynanın müdafiə qabiliyyətini gücləndirərək danışıqlar masasında əlini artırmaqdır”.

Qasımov qeyd edib ki, Ukraynanın son günlər Rusiyanın enerji və neft emalı infrastrukturuna endirdiyi zərbələr də Moskvanı danışıqlara məcbur etmə strategiyasının tərkib hissəsidir:

“Türkiyədə keçiriləcək görüşlərdə dərhal irəliləyiş əldə olunmasa belə, prosesə dinamizm qatacağı şübhəsizdir. Türkiyənin Rusiya ilə geniş əməkdaşlıq platformasına malik olduğunu nəzərə alsaq, müzakirələrin yalnız müharibənin dayandırılması ilə məhdudlaşmayacağı, eyni zamanda Ankara-Kiyev ikitərəfli münasibətlərinin inkişafı məsələlərinin də gündəmdə olacağı aydındır”./Gülnarə Abasova, Editor.az\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button