Polkovnik: Ordumuz terrora qarşı savaşa hazırlaşır
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri heç kimə qarşı yönəlməyib. Bu, planlı təlimdir.
Bu sözləri axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun bu gün başlayan təlimi haqda danışarkən deyib.
O bildirib ki, azad edilən ərazilərdə terror təxribatlarına Ordumuz hazır olmalıdır:
“Azərbaycan Ordusunun zəfərdən sonra keçirdiyi təlimlər ordunun döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Bu təlimlər qarşıya qoyulacaq tapşırıqları yerinə yetirmək üçün hazırlıq prosesidir. Çünki ərazi bütövlüyümüz bərpa edilsə də, Ermənistanla aramızda hələlik sülh müqaviləsi yoxdur. Bundan başqa azad edilən torpaqlarımızda bərpa işləri aparıldığı üçün vətəndaşlarımız hələ məskunlaşmayıb. Hələlik boş olan əraziləri isə terror qrupları və quldurlar çirkin məqsədləri üçün istifadə edə bilərlər. Düzdür, sülhməramlılar orada xidmət edir. Lakin bunun baş verməyəcəyinə heç kim zəmanət vermir. Çünki Ermənistanın daxilindəki siyasi-iqtisadi və hərbi xaos ermənilərin təxribat törətməsi ehtimalını hər zaman aktual edir”.