Postlara hücumun dəf edilməsi, təxribatçı hərəkətlərin qarşısının alınması… – Rusiya kontingenti Qarabağda təlim keçirdi
Azərbaycan ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir təlim-məşq fəaliyyətləri həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, “ döyüş hazırlığı üzrə planlı məşğələlər üzrə” Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları 27 müşahidə postlarının hamısında “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” üzrə kompleks məşqlər keçiriblər.
“Məşqlər zamanı şəxsi heyət təxribatçı fəaliyyətlərin qarşısının alınması, müşahidə postlarına hücumun dəf edilməsi üzrə məsələləri yerinə yetiriblər. Siqnal alınan kimi sülhməramlılar qısa müddət ərzində dislokasiya yerlərini tərk ediblər, müdafiə mövqeyi tutublar. Postun müdafiəsinin gücləndirilməsi üçün BTR-82A zirehli transportyorlarında növbətçi bölmələr də cəlb edilib”,-məlumatda deyilir.
Bundan əvvəl Rusiya sülhməramlıları Laçın dəhlizindəki postlarda təlim keçirmişdilər və bu zaman pilotsuz uçan aparatların həmləsinin dəf edilməsi məşqləri yerinə yetirilmişdi. Ardınca Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçın ərazisində birgə təlimlər keçiriblər. Bu günlərdə Azərbaycanla Türkiyə arasında bir çox digər birgə təlimlər də keçirilməkdədir, o cümlədən Pakistanın da cəlb olunduğu “Üç qardaş-2021” təlimlərində üç ölkədən xüsusi təyinatlılar təlimlər keçirir.