“Postları boşaldın, Qafan artıq Azərbaycana verilib” – Erməni hərbçilərdən şok sözlər
Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Qafan şəhəri ətrafındakı postlarından birində dayanan hərbçilərinin acınacaqlı vəziyyəti barədə sosial şəbəkələrdə yayılmış qalmaqallı videorolik geniş rezonans doğurub. Hərbi polis və prokurorluq araşdırma başladıb, postun komandiri hərbi polisə aparılıb.
Erməni KİV-lərinə istinadən xəbər verilir ki, həmin videorolikdə bir qrup hərbçi dayandıqları postda vəziyyətin acınacaqlı olduğunu deyir. Ratsiyalarının, rabitə əlaqələrinin olmadığını bildirir. “Bizə əmr edirlər ki, postlardan çəkilin, çünki Qafan artıq verilib. Hər tərəf türklərdir (azərbaycanlılar,-red.), üç tərəfdən onların postlarıdır. Hər postda 50-60 nəfər var, bizə isə cəmi 9 nəfərik…”,-erməni hərbçilərindən biri deyir.
Bu videorolikin yayılmasından sonra Ermənistan Baş prokurorluğu araşdırma başladıb, postun komandiri isə hərbi polisə çağırılıb. Hüquq müdafiəçisi Ruben Melikyan bildirib:
“Sizlərdən çoxunuz dünənki videoya baxmısınız, orada bizim Qafandakı postlarımızdan birindəki vəziyyətdən danışılır. Xəbər verirəm ki, postun komandiri, könüllü Artak Arutyunyan gecə yarısı hərbi polisə çağırılıb. İndi onunla birlikdə gedirik”.
O , əlavə edib ki, post komandirinin hərbi polisə çağırılmasını anlamır. Çünki qaldırılan problem qismən yerli bələdiyyənin imkanları ilə həll edilib.
Lakin bu videorolik 44 günlük Qarabağ müharibəsində darmadağın edilən Ermənistan ordusunun qalıqlarının necə acınacaqlı, miskin durumda olduğunu göstərir. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin qoşunları Ermənistanla dövlət sərhədində qısa zaman ərzində möhkəmləndiyi, hər cür təchizata malik kazarmalar və müşahidə postları qurduqları halda qarşı tərəfdən başıpozuq könüllülər sərhəddə yerləşdiriliblər.