Prezident Formula 1-in Bakıda keçirilməsindən danışdı

“Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün”.

Polise.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bildirib.

Dövlət başçısı bildirib ki, bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu:

“Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.

Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button