Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

Polise.az “Report”-a istinadən  xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi.

Bildirildi ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır.

Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salamaleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Digər qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Keçin içəri.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Kişi sakin: Çox əladır, hər şey əladır.

Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Şərait necə idi?

Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

Kişi sakin: Bəli, Qarakənddə idi.

Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

Kişi sakin: 17 kilometrdir.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

Qadın sakin: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, gedək.

Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

Kişi sakin: Var, 15 sot torpaq var.

Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

Kişi sakin: İnşallah, olacaq.

Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB

 

Foto

Ильхам Алиев ознакомился с работами, проделанными в селе Ходжавенд

Foto

President Ilham Aliyev inspects reconstruction progress in Khojavend Village

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

DAXİLİ SİYASƏT

  • 25 fevral, 2026
  • 19:54
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

“Report” xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.

Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi.

Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə – 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə – Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər – 355 ailə qayıdıb.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz.

Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Füzuli və Xocavənd… Buranı azad etmisən?

Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm.

Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər.

Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir?

Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan.

Prezident İlham Əliyev: Sən özün harada doğulmusan?

Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində.

Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan?

Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.

Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.

Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz?

Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.

Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram.

Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə.

Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız.

Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir – hamısı olacaq, bəli.

Digər qadın sakin: Allah canınızı sağ eləsin.

Kişi sakin: Düşməni də qovmuşuq.

Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə.

Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.

Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.

Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq.

Digər qadın sakin: Allah ömür versin Sizə.

Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.

Prezident İlham Əliyev: Eşitməyəcəklər.

Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.

Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.

Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un sayəsində.

Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.

Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.

Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.

Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.

Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ olun.

Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun, cənab Prezident. Şərəfdir bizim üçün.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

“Report” xəbər verir ki, sonra dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər.

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button