Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.
Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.
Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.
Polise.az