Prezidentlə baş nazir arasında intriqa böyüyür – Ermənistan yeni inqilab astanasında

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verəcəyi rəsmi şəkildə təkzib edilsə də, erməni mediası xəbərin dəqiq olmasında israr edir.

Xatırladaq ki, Paşinyanın dekabrın 31-də istefa verəcəyi barədə məlumat yayılıb. Ermənistan Nazirlər Kabinetindən isə xəbərin həqiqəti əks etdirmədiyini bildirilib.

Erməni KİV-ləri yazır ki, Paşinyanın istefası növbədənkənar seçkilərlə baş tutacaq. Hakim “Mənim Addımım” fraksiyası onun seçkilərdə namizəd olmasını istəmir. Çünki bu halda seçkidə qələbə qazanmaq mümkün olmaya bilər. Bu baxımdan, onun yeni namizədlə əvəzlənəcəyi gözlənilir. Hələlik bu sırada Ermənistan parlamentinin spikeri Ararat Mirozyanın adı çəkilir. Lakin onun qərbpərəst olması Ermənistana nüfuz edən Rusiyanın xoşuna gəlməyə bilər və seçkilər hakimiyyət üçün sürprizlə bitə bilər.

Bəzi iddialara görə, Ermənistan müxalifəti ümumiyyətlə seçkiləri gözləmək niyyətində deyil. Onlar Paşinyanın dərhal istefa verməsi tələbində israrlıdırlar.

Paşinyan əlbəttə ki, nə istefa vermək, nə də erkən seçkiyə getmək həvəsindədir. Sadəcə siyasi böhranın kəskinləşməsi onun erkən seçkilərin keçirilməsinə ilkin razılığını şərtləndirib.

Baş naziri daha çox ölkənin prezidenti Armen Sarkisyanın proseslərə açıq müdaxilə edə biləcəyi ehtimalı narahat edir. Çünki bu halda Ermənistanda yeni inqilab baş verə bilər. Armen Sarkisyanın bir neçə gün əvvəl Paşinyanın qatı əleyhdarı olan, millətçi “Daşnaksütyun” partiyasının lideri ilə görüşü Paşinyanın narahatlığına səbəb olub. Aydın şəkildə hiss olunur ki, prezidentlə baş nazir arasında artıq intriqa var. Paşinyan Sarkisyanın bu siyasi intriqada kimlərinsə tələbi ilə razılaşmaq istəyindən narahatdır. Daha doğrusu, baş nazir prezidentin Qarabağ klanının tələblərinə boyun əyəcəyini düşünür.

Hamısını Göstər

Related Articles

Back to top button