Putin dünyanı dəyişdi: Hansı faciələr gəlir?

2008-ci il Gürcüstan, 2014-cü il Krım hadisələrindən sonra ötən gün Donbasdakı iki separatçı rejimlə bağlı qərar verməklə Rusiya lideri Putin dünyada beynəlxalq münasibətləri tamamilə dəyişdirdi.

Dünya güclərinin reaksiyası necədir?

Hazırda ABŞ başda olmaqla, BMT və ATƏT kimi nüfuzlu qurumlar da Rusiyanın çox böyük ədalətsizliyə yol verdiyini açıqlamaqla kifayətlənirlər. İlk baxışda elə təəssürat yaranır ki, dünya gücləri Rusiyadan qorxur və bu nüvə gücünün istənilən işğalı, aqressiyası qarşısında aciz durumdadırlar.

Ancaq qətiyyən elə deyil!

Ukrayna – Avropanın ən böyük dövləti, Rusiyanın canbir qardaşı, slavyan ölkəsidir. Məsələ budur ki, Qərb Rusiyanın “canına” əl uzatdı və onun əhəmiyyətli hissəsini Rusiyadan qopardı.

Ukrayna ilə ən yüksək münasibətlər də, dostluq-qardaşlıq da, bərabər siyasət yürütmək və eyni cəbhədə durmaq da bütün parametrlərlə Rusiyanın haqqıdır. Ukrayna təkcə böyük slavyan dövləti deyil, həm də yüzillərdir Rusiya ilə birgədir. Kiyev Rus dövlətindən üzü bəri Ukrayna anlayışı rus anlayışı ilə qoşa olub: Çar Rusiyası zamanında da, SSRİ zamanında da bu slavyan dövlətlər birgə hərəkət ediblər.

İndi olduqca güclü görünən Rusiyanın əlindən Ukraynanı basıb aldılar. Qərb bunu bacardı – sərvəti ilə, yaxşı həyat, demokratiya, firavanlıq vədi ilə. Qərbin bu cəlbediciliyinin mənbəyi var, öz nümunəsində hər zaman bunu göstərib.

Rusiya böyük ərazisi, tükənməz təbii sərvətləri ilə misilsiz ölkə ola, ətrafındakı dövlətləri cəzb edə bilərdi. Bunun üçün Rusiyanın bütün resursları, tarixi bağlılıqlar, mədəniyyət yaxınlıqları, dil birlikləri vardı. Amma Rusiya 30 ildə özünü yeniləməməklə bunu bacarmadı və yaxud Rusiyaya bu imkan tanınmadı.

Rusiya sürətlə təklənir və müqayisəedilməz dərəcədə böyük iqtisadi gücün qarşısında mövqelərini itirdikcə, zora, aqressiyaya, itirdiklərinin bir hissəsini heç olmasa hərbi yolla qaytarmağa girişir.

Rusiya üçün gücdən başqa yol qalmayıb, amma Qərbin bu gücün qarşısında “qaçdıqları” görüntüsünü yaradan liderləri əslində strateji hədəflərinə doğru addım-addım gedirlər.

ABŞ Rusiyaya qarşı atdığı addımlarla Kremlin cavab zərbəsi endirməsinə çalışırdı. Bu cavab Avropanın tamlıqla yenidən ABŞ-ın hərbi-siyasi çətirinin altına keçməsi demək olacaqdı.

Rusiya – faktiki olaraq Avropa dövlətidir: Rusiyanın Avropa qitəsinə düşən hissəsi az qala Qərbi Avropadan böyükdür.

Rusiya öz enerjisini Avropaya çıxartmaqla ABŞ-ın təsir dairəsini azaldırdı, NATO-nun əhəmiyyətini heçə endirirdi…

ABŞ imkan vermədi, Rusiyanı aşırı aqressiyaya vadar etməklə bu ölkəni sivil dünyadan kəsib atdı.

İndi bütün dünya gücləri Rusiyaya qarşı ən ağır tədbirlərə əl atmağa hazırdır. ABŞ-a da elə bu lazımdır və 2004-cü ildən başlayan plan yerinə yetirildi.

ABŞ iqtisadi qüdrəti ilə hər yerə soxulur, taktiki uduzmalara da gedir, bəzən yüzmilyardlar da itirməkdən çəkinmir. Məsələn, Əfqanıstandan “uduzaraq” getdi, Suriyadan gözəgörünmədən çəkilir, İraqdan haçandı “çıxıb”.

Amma Rusiya girdiyi yerdən çıxa bilmir, çünki iqtisadi gücü hərbi müdaxiləsini əvəz etmir və getdikcə yüklənir.

Rusiya hazırda bütün ətrafının “yükünü” çəkməyə həm də hərbi baxımdan məcbur edilib. Bu ağırlığa Rusiya iqtisadiyyatının gücü heç bir halda çatmayacaq.

Rusiyanın bəlkə də indi “taktiki qələbə” qazandığını düşünənlər də var. Halbuki Rusiyanın Ukrayna kimi nəhəng dövləti əbədi olaraq itirdiyini düşünmək gərəkdir.

Rusiya Ukraynanı itirib, əvəzində 20%-i özünə birləşdirməyə çalışır.

Gürcüstanda da belədir, Moldovada da!

Rusiya hərbi baxımdan bu müdaxilələrə məcbur edilir və bu dövlətin ərazisi artdıqca artır. Strateji baxımdan bu ərazilərin qopacağı və qoparkən özü ilə Rusiyanın 20 subyektini də aparacağı artıq planın ikinci mərhələsidir.

Rusiya dövlətini özünə “yamaqlar” vurmağa təhrik edirlər ki, bu yamaqlar söküləndə dövlət “lüt” qalsın.

Hamısını Göstər

Related Articles

Back to top button