“Putin Ukraynada mümkün bütün səhvləri edir” – “Analoqu olmayan” tanklar yalnız paradlarda işə yarayır

Müharibədə qələbə qazanmaq üçün hərbi texnikadan, silahdan istifadə bacarığı və yüksək döyüş hazırlığı mühüm faktor sayılsa da, dünya hərb tarixi göstərir ki, əgər baş komandanlıq əməliyyat planını real vəziyyəti düzgün dəyərləndirmədən tərtib edibsə, o zaman ordunun müasir texnika ilə təchiz olunması öz strateji əhəmiyyətini itirəcək. İkinci Dünya Müharibəsi zamanı Sovet ordusu belə hallarla çox qarşılaşıb. Rusiyanın hazırda Ukarynada apardığı müharibə isə sübut edir ki, onun ordusu hələ də İkinci Dünya Müharibəsinin döyüş taktikasından əl çəkməyib…

“The Atlantic” saytında dərc edilən “Putin Ukraynada bütün mümkün səhvləri edib” başlıqlı məqalədə yuxarıda qeyd edilən mövzuya toxunulub. Həmin məqaləni təqdim edirik:

”Vaxtilə Otto fon Bismark deyirdi: ”Yalnız axmaq öz səhvlərindən nəticə çıxarır, mən isə başqalarının səhvindən dərs götürürəm”. Amma Ukraynadakı müharibə göstərir ki, Rusiya ordusu sovet dövrünün bütün səhvlərini təkrar edir.

Tankların bütləşdirilməsi

1945-ci ilin aprelində Sovet marşalı Georgi Jukov Stalinin güclü təzyiqi altında piyadaların dəstəyi olmadan tankları Berlinə yönəltdi. Hazırda Vladimir Putinin ordusu nəinki həmin səhvləri təkrarlayıb, hətta öz əcdadları kimi tank əleyhinə mərmilərin qabağını almaq üçün çarpayı çərçivələrinin dəmirlərini tankların baş hissəsinə qaynaqlayıblar. Bu, heç nəyə kömək etməyib, əksinə tankın ölçüsünü artıraraq ukraynalıların diqqətini daha yaxından çəkib. Elə Berlində də sovet tankları beləcə əllərində “panzerfaust” tutmuş “SS” və “Hitleryugend” dəstələrinin hədəfinə tuş gəlmişdi.

Təhrif edilmiş Rusiya tarixindən, xüsusən də Böyük Vətən Müharibəsindən məst olmuş Rusiya Prezidentinin düşüncəsində təzadlar yaranıb. Bu isə onun hərbi yürüşünə təsir göstərib. İkinci Dünya Müharibəsi zamanı tanklar gücün rəmzi sayılırdı. Maraqlıdır ki, Putin indi də tankları böyük güc hesab edir.

Biz Liviyada və digər ölkələrdəki münaqişələrdə tankların PUA-lar və tank əleyhinə silahlar üçün yaxşı hədəf olduğunu görmüşdük. 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun erməni tanklarını asanlıqla məhv etməsi onların qələbə qazanmasında başlıca yer tutdu.

Gül-çiçəklə qarşılanma alınmadı

Görünür ki, Putin tarixdəki bir çox məqamlardan bixəbərdir. 1968-ci ildə Çexoslovakiyaya girən “Varşava bloku” qoşunlarına demişdilər ki, əhali onları sevinclə və gül-çiçəklə qarşılayacaq. Lakin tamamilə bunun əksi baş verdi. Putinin KİV-lər üzərində nəzarəti nəticəsində Rusiya əhalisinin əksəriyyəti Ukraynadakı həqiqətləri bilmir.

Putin öz xalqı ilə düşmənlə davrandığı kimi amansız rəftar edir. Hətta Rusiya ordusu evə yola salınmalı olan meyitlərin sayını azaltmaq və cəsədlərin əksəriyyətindən yaxa qurtarmaq üçün Ukraynaya mobil krematoriya gətirib. Putinin sovet sələfləri də öz ordu hissələrinə qarşı biganə yanaşırdılar.

Ukraynada təkrar olunan daha bir köhnə model Rusiya ordusunun ağır artilleriyadan asılı olmasdır. İkinci Dünya Müharibəsi zamanı Sovet ordusu öz artilleriyası ilə fəxr edərək, onu “müharibə allahı” adlandırırdı. Berlin əməliyyatı zamanı Georgi Jukov şəhərə 3 milyon mərmi yağdırmışdı. Ukraynada köhnə “Katyuşa”ların yerini indi “vakkum bombası” tutub. Rusların Qroznını və Hələbi necə dağıtmaları göstərdi ki, onların şəhər döyüşlərindəki doktrinası İkinci Dünya Müharibəsindən indiyədək heç bir dəyişikliyə uğramayıb.

“Analoqu olmayan” tanklar yalnız paradlarda işə yarayır

Putin Rusiyası Sovet İttifaqı olmadığı kimi, onun ordusu da qətiyyən Sovet ordusu deyil. Korrupsiyanın institutlaşması hətta zabitlərə də sirayət edib. Onlar hərbi texnikanın ehtiyat hissələrini, əsgərlərin ərzağını satırlar. Yüksək komandanlıqdakılar isə yeni layihələrə ayrılan maliyyə vəsaitlərinin oğurlanmasından böyük gəlir götürürlər. Ukraynalıların hələ Soyuq Müharibə dövründən qalmış “T-72” tanklarını məhv etdiyi bir vaxtda tərifli “Armata” tankının işi yalnız paradlara çıxarılmaqla yekunlaşır. Əslində, həmin tankları da döyüş meydanında “T-72”-lərin aqibəti gözləyəcəkdi. Rusiyada elit hərbi birləşmələr, desant dəstələri və xüsusi təyinatlılar var, lakin komandanlığın yarıtmazlığı və anlaşılmazlıq şəraitində onlar müstəqil şəkildə heç nə edə bilməzlər. Yeni nəsil rabitə sisteminin işləməsi “3G” qüllələrindən asılıdır ki, ruslar onu döyüşlər zamanı məhv ediblər. İndi Rusiya zabitləri mobil telefonlardan istifadə etmək məcburiyyətində qalıblar, ukraynalılar isə bu danışıqları dinləyə bilirlər.

2008-ci ildə Gürcüstana müdaxilə Rusiya ordusunun səriştəsizliyini və zəifliyini üzə çıxardı, nəticədə Putin silahlı qüvvələrdə islahat aparılmasına dair göstəriş verdi.

Bundan sonra Ukraynaya müdaxilənin həlledici mərhələsində Rusiya ordusunun nə edəcəyini söyləmək çətindir. Rusiyanın Ukraynanı “blitskriq”lə zəbt etmə planı uğursuzluğa düçar olub. Beynəlxalq analitiklərin əksəriyyəti bu rejimin ideoloji yoxsulluğunu, ləyaqətsizliyini bilir.

Stalinqrad döyüşləri zamanı Sovet qoşunları dönüş yarada bilmişdilər. Belə hesab edirlər ki, Putin ordusu öz taktikasında düzəliş aparacaq. Rusiya silahlı qüvvələrinin Stalin kimi amansız üsullarla islah edilməsi müharibəni daha qanlı hala gətirər.

Bütün bunlarla yanaşı, müharibədən öncəki bütün gözləntilərin əksinə olaraq, Rusiyanın hərbi çöküşü mümkün görünür. Döyüşlərin sonrakı mərhələsi Rusiya ordusu üçün tam mənəvi düşkünlük və tutduqları mövqelərdən alçaldıcı şəkildə geri çəkilmə ilə nəticələnə bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button