“Putin Ukraynanı itirən lider olmaqdan qorxur” – “The Atlantic Council” analitiki

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müdaxilə Kremlin uzun illərdir Ukraynanı öz orbitində saxlamaq cəhdlərinin ən son və ən radikal mərhələsidir. Lakin müharibənin beşinci ilinə yaxınlaşarkən, Putinin sərt taktikasının işlədiyini göstərən çox az əlamət var.
Qeyd olunur ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal etsə də, ölkənin qalan 80 faizində əhali Moskva ilə münasibətə qarşı kəskin şəkildə mənfi mövqedədir və Avropaya daha sıx inteqrasiyanı dəstəkləyir:“2014-cü ildən bəri Donetsk və Luqansk kimi Rusiyanın ənənəvi təsir mərkəzləri işğal altındadır və ölkənin qalan hissəsindən faktiki olaraq qopub. Buna qarşılıq olaraq, Ukraynanın qərbində, xüsusilə Lvov şəhərində sürətli inkişaf müşahidə olunur. Lvovun əhalisi müharibədən bəri təxminən 25% artaraq bir milyon nəfərə yaxınlaşıb. Şəhərin daşınmaz əmlak sektoru şərq regionlarını üstələyib və artıq Kiyevlə rəqabət aparır. Yeni şirkətlər və investisiyalar baxımından Lvov, ölkədə Kiyevdən sonra ikinci yerdədir”.
Müəllif hesab edir ki, müharibənin nəticəsi necə olursa olsun, Ukraynanın milli ağırlıq mərkəzinin ölkənin qərbinə sürüşməsi artıq geri dönməzdir. Buna həm Rusiyanın davam edən hücumu, həm də Avropa İttifaqına inteqrasiya prosesi təsir edir.
Məqalədə qeyd olunur ki, Putinin Ukrayna ilə bağlı obsesiyası onun əsas qorxusundan qaynaqlanır:“Artıq açıq görünür ki, Putinin Ukraynaya hücum qərarı böyük bir fiaskoya çevrilib. Bu, Rusiyanın bölgədə çoxəsrlik təsirini zəiflədib və onun qarşısını almağa çalışdığı Avropa inteqrasiyasını sürətləndirib”.
Dikinsinə görə, Putin bilir ki, əgər Ukraynanın milli kimliyini tamamilə məhv edə bilməsə, ölkə müharibədən sonra qəti şəkildə Qərbin bir hissəsi olacaq və Rusiyaya qarşı düşmən mövqeyini qoruyacaq.
“Əgər Putin indi dayanıb kompromis sülhə razılaşsa, o zaman Rusiya tarixində Ukraynanı itirən lider kimi qalacağını anlayır. Buna görə də o, müharibəni sonsuz olaraq davam etdirməyə çalışacaq”, – deyə müəllif vurğulayır.
Polise.az



