Putinin Buşla danışıqlarının stenoqramı açıqlandı – “Ukrayna süni dövlətdir, NATO-ya daxil olsa, münaqişə qaçılmazdır…”

Rusiya Prezidenti Vladimir Putinin 2000-ci illərdə ABŞ-nin sabiq Prezidenti Corc Buşla apardığı şəxsi danışıqlarda Ukraynanın NATO-ya üzvlüyünü Moskva üçün qəbuledilməz adlandırdığı, Ukraynanı “süni dövlət” kimi xarakterizə etdiyi və hətta Rusiyanın özünün NATO-ya dəvət edilməli olduğunu eyhamla dilə gətirdiyi məlum olub.
Bu faktlar ABŞ Milli Təhlükəsizlik Arxivinin 2001–2008-ci illər arasında Vladimir Putin və Corc Buş arasında keçirilmiş üç şəxsi görüşün stenoqramlarını dərc etməsindən sonra üzə çıxıb. Sənədlərdən görünür ki, ilk illərdə liderlər və ölkələr arasında münasibətlər yüksək səviyyədə olsa da, zaman keçdikcə ciddi soyuqlaşma baş verib.
Dərc olunan materiallarda Putinin Buşla ilk görüşü – 2001-ci ildə Sloveniyada keçirilən danışıqlar xüsusi yer tutur. Məhz bu görüşdən sonra Buş məşhur “Putinin gözlərinə baxdım və ruhunu gördüm” ifadəsini işlətmişdi. Həmin görüş zamanı Putin Rusiyanın guya könüllü şəkildə “çoxlu ərazilərdən imtina etdiyini”, bu kontekstdə Ukrayna və Qazaxıstanı xatırladığını bildirib. O, həmçinin rus cəmiyyətinin islahatlardan narazı olduğunu, insanların “istifadə edə bilmədiyi çoxlu azadlıq” əldə etdiyini deyib və ABŞ-nin raket əleyhinə müdafiə (ABM) müqaviləsindən çıxmasına etiraz edib.
Corc Buş isə Rusiyanın Çeçenistandakı hərəkətlərini tənqid edib, Moskvanın Şimali Koreya və İranla əlaqələrindən narahatlığını ifadə edib və NATO-nun genişlənməsinin regiona sabitlik gətirdiyini vurğulayıb. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, Vaşinqton güclü Rusiya ilə maraqlıdır və Rusiyanı “Qərbin bir hissəsi” kimi görür. Buş Putindən mətbuat azadlığının məhdudlaşdırılmasının səbəblərini də soruşub.
Putin cavabında bildirib ki, heç vaxt, hətta Soyuq müharibə dövründə belə ABŞ-ni düşmən hesab etməyib və Rusiyanın NATO-ya üzv ola biləcəyini təsəvvür edir. Mətbuat azadlığı ilə bağlı isə dövlətin “oliqarxlara qarşı mübarizə apardığını” deyib.
2005-ci ildə Ağ Evdə keçirilən görüşdə əsas mövzu Şimali Koreya və İranın nüvə proqramları olub. Bu məsələlərdə Putinin və Buşun mövqeləri böyük ölçüdə üst-üstə düşüb. Putin Şimali Koreyanı tənqid edərək, hətta mühafizəçilərinin Pxenyana səfərdən sonra ora bir daha getmək istəmədiyini bildirib. O, həmçinin etiraf edib ki, vaxtilə kommunist ideyaları uğrunda ölməyə hazır olub, lakin sonradan fikrini dəyişib. Putin ABŞ-də ultra-kiçik gücə malik nüvə silahlarının hazırlanmasına da qarşı çıxıb.
2008-ci ildə Soçidə baş tutan görüş isə Putin və Buşun son şəxsi təması olub və burada fikir ayrılıqları açıq şəkildə üzə çıxıb. Xüsusilə ABŞ-nin Polşa və Rumıniyada raket əleyhinə sistem yerləşdirmək planı Moskvanın sərt etirazına səbəb olub. Putin raketlərin Moskvaya “uçuş vaxtının qısaldığını” və strateji balansın pozulduğunu qeyd edib.
Məhz bu görüşdə Putin açıq şəkildə bildirib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü Moskva üçün qəbuledilməzdir və bu, ABŞ ilə “uzunmüddətli münaqişə və qarşıdurmaya” gətirib çıxaracaq. O, Buşun “niyə” sualına cavab olaraq Ukraynanı “sovet dövründə yaradılmış süni dövlət” adlandırıb, ölkənin qərbyönlü və rusiyapərəst hissələrə bölündüyünü və NATO-ya üzvlüyün daxili parçalanmaya səbəb ola biləcəyini deyib.
Putin açıq şəkildə bəyan edib ki, Rusiya Ukraynada NATO-ya qarşı qüvvələrə arxalanaraq Alyansın genişlənməsinin qarşısını almağa çalışacaq və “orada daim problemlər yaradacaq”.
Buş isə Putinin mövqeyini açıq şəkildə ifadə etməsini dəyərləndirdiyini bildirib, lakin görüşün sonunda ABŞ–Rusiya münasibətlərinin əvvəlki səviyyədə qalmayacağından narahat olduğunu etiraf edib.
Kreml hələlik bu sənədlərin dərcinə münasibət bildirməyib. Ancaq stenoqramlardan aydın olur ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə qarşı 2022-ci il işğalını əsaslandırarkən istifadə etdiyi arqumentləri hələ hakimiyyətinin ilk illərindən irəli sürüb. Eyni zamanda sənədlər Putinin prezidentliyinin əvvəlində Qərblə münasibətləri normallaşdırmağa, hətta NATO-ya üzvlüyə açıq olduğunu da təsdiqləyir. Lakin ABŞ-nin Rusiyanın Çeçenistan müharibəsi və mətbuat azadlığı kimi məsələlərinə toxunmaması şərti ilə.\“AzPolitika.info”\
Polise.az



