Putinin reytinqi – Rusiyada millətçilik, hətta faşizm meylləri pik həddə çatır

Kiyev yaxınlığındakı Buça və İrpen şəhərlərində Rusiya ordusu tərəfindən törədilən qətliamın görüntüləri bütün sivil dünyada şok effekti yaradıb. Görüntülərdə şəhərin hər tərəfinə insan cəsədlərinin səpələndiyi, mülki vətəndaşların işgəncə nəticəsində öldürülərək, kütləvi şəkildə dəfn edildiyi əks olunub.

İlkin məlumatlara görə, aralarında qadınların, qocaların, uşaqların da olduğu dinc sakinlərin artıq aşkar olunan cəsədlərinin sayı 400-ü keçib. Hələ ərazidə axtarışlar davam edir və qurbanların sayının artacağı gözlənilir.

Qeyd edək ki, adı çəkilən şəhərlər intensiv döyüşlərin və işğalın elə də uzun müddət davam etmədiyi ərazilərdir. Məsələn, hələ işğalın ilk günlərindən mühasirəyə alınan və durmadan bombalanan, qətliamlar törədilən, demək olar yer üzündən silinən və bütün dünyadan təcrid edilən Mariupol şəhərindəki vəziyyət bundan da qat-qat acınacaqlıdır və oradakı qurbanların sayının Buçadakından on dəfələrlə artıq olduğu güman edilir.

Hazırda az qala bütün sivil dünya Rusiyanı və rusları işğalda, soyqırımda, hətta faşizmdə ittiham edir. Ukraynadan yayımlanan kadrlar, canlı şahidlərin ifadələri, milyonlarla dinc insanın vətənlərini tərk etmək məcburiyyətində qalması, “qardaşlıq məzarları” və s. bu kimi danılmaz faktlar göstərir ki, bu ittihamlar və rus şovinizminə olan olduqca mənfi münasibət heç də əsassız deyil. Xüsusilə də 20 yanvarı, Xocalını, 30 illik işğalı və s. yaşamış Azərbaycan toplumu üçün burada təəccüblü bir şey yoxdur…

Ancaq Ukraynada yaşanan bütün bu insanlıq dramının, açıq işğalın, faşizm əlamətləri olan hərəkətlərin fonunda Rusiyada psevdomillətçiliyin, şovinizmin, hətta faşizm əhval-ruhiyyəsinin getdikcə daha böyük vüsət aldığı müşahidə olunur. Belə ki, məşhur “Levada” sorğu mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri bir yandan təəccüb, digər yandan isə Rusiya cəmiyyətinin hansı vəziyyətdə olması, necə bir informasiya vakkumunda yaşaması ilə bərabər, hansı mənəvi-əxlaqi, insani keyfiyyətlərə malik olmasına dair ciddi təşviş və narahatlıq yaradır. Belə ki, mərkəzin keçirdiyi sorğunun nəticəsinə görə, Putinin əhali arasında reytinqi müharibənin ilk günlərilə müqayisədə 71 faizdən 83 faizə(!) yüksəlib. Bu, o deməkdir ki, hər 100 rusiyalıdan 83-ü Putinin, Rusiya ordusunun Ukraynada törətdiklərini dəstəkləyir. Dərindən düşündükdə, bunun bəşəriyyət və Rusiyanın özü üçün necə böyük bir faciəli durum olduğu göz önünə gəlir…

Aprelin 3-də, yəni Buçadakı insanlıq, bəşəriyyət adına utanc verən qətliamın görüntülərinin yayımlanmasından sonra Rusiyanın dövlət agentliyi olan “RİA- Novosti”-də Ukraynaya qarşı açıq faşizmi, millətçiliyi təbliğ edən, bu ölkədə törədilən vəhşətə haqq qazandıran və Ukraynanın dövlət, hətta coğrafi ad kimi mövcudluğuna son qoyulmasına səsləyən “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı böyük məqalə dərc olunub. Məqalənin müəllifi Rusiyada kifayət qədər tanınmış siyasi texnoloq, yazıçı, ssenarist Timofey Sergeytsevdir.

Dövlət agentliyinin böyük həvəslə yayımladığı və paylaşdığı açıq faşizm ideyaları və çağırışları ilə dolu məqalədə deyilir: “Bu kütlənin (ukraynalıların-red.) denasifikasiyası onların yenidən tərbiyə olunmasından ibarətdir, hansı ki, ideoloji repressiyalar və sərt senzura ilə əldə olunur: təkcə siyasi sferada deyil, eləcə də mütləq mədəniyyət və təhsil sferasında”.

Bu “filosof” Ukrayna adında nəinki dövlət, ümumiyyətlə, heç nəyin omamasını tələb edir: “Belə görünür ki, ”Ukrayna” adı tam denasifikasiya edilmiş dövlət quruluşuna aid, nasist rejimindən(?) təmizlənmiş ərazilərdə saxlanıla bilməz! Denasifikasiya qaçılmaz olaraq, deukraynaizasiya olacaq… Ukrainizm süni anti-Rusiya konstruksiyasıdır…” Ukraynanın dövlət, xalq, millət kimi yer üzündən silinməsinə çağırışlarla zəngin olan məqalə Ukraynada və Qərbdə artıq böyük əks-səda və etirazlar doğurub ki, bu da təsadüfi deyil. Çünki bu “filosof”, “yazıçı” və “ssenarist”in yazdığı məqaləyə Kreml tərəfindən xeyir-dua verildiyi və onun məhz Putin hakimiyyətinin Ukrayna ilə bağlı niyyətlərini əks etdirdiyi heç bir şübhə doğurmur.

Xatırladaq ki, Kremlin ideologiyalarının tərənnümü ilə məşğul olan bu müəllifin ssenarisi əsasında hələ 2012-ci ildə “MATÇ” adlı film çəkilmişdi və orada da ukraynalılara qarşı açıq nifrət əks olunmuşdu. Bəli, Buçada üzə çıxan qətliamın fonunda dərhal belə bir məqalənin dərc edilməsi təsadüfi deyil. Bunu yazanın Rusiyada sanballı filosof və ssenarist hesab edilməsi isə istər-istəməz insanı “Bu da bunların mədəniyyət və incəsənət xadimi” deməyə vadar edir…

Rusiya cəmiyyətinin, siyasi və mədəni elitasının, eləcə də tarixinin, ədəbiyyatının, incəsənətinin və s. bu müharibədən sonra dünya tərəfindən necə qarşılanacağına gəlincə, bunu sosial şəbəkələrdə Vladimir Zlatski adlı bir ukraynalı ictimai fəalın geniş əks-səda doğuran paylaşımı olduqca dolğun şəkildə əks etdirir: “Hər dəfə mənə dahi rus baleti, dahi rus bəstəkarları, dahi rus teatrı, dahi rus ədəbiyyatı, dahi rus kinosu barədə danışanda, mən də sizə Brovarıda dəfələrlə valideynlərinin gözü qarşısında zorlanmış və sonra oğurlanaraq girov götürülmüş müəllimədən, uşaqlarının gözü önündə güllələnmiş atalardan, zorlanmış analardan və yüzlərlə ukraynalı yeniyetmə yaşına çatmamış qızlardan, qadınlardan, Mariupolda zirzəmidə gizlənən balaca bacı və qardaşın gözləri qarşısında yavaş-yavaş ölən anadan və uşaqların onun cəsədinin yanında günlərlə həmin zirzəmidə gizlənməyə məcbur olmasından, Buça və İrpen küçələrindəki yüzlərlə cəsəddən, “dünyanın ikinci ordusu”nun öz tanklarında oğurlayıb apardıqları televizorlardan, xalçalardan, ayaqqabılardan, oyuncaqlardan və onları Belarus bazarlarında necə satmalarından, Rusiyadakı ailələrinə göndərmələrindən, rus səgərlərinin “alabay” itini, bəli, iti kəsib yemələrindən, anaları, arvadları ilə danışanda iki sözdən birinin “na x..” olmasından, rus analarınsa övladlarının bu vəhşiliyini dəstəkləməsindən və s. danışacam! Artıq heç bir dahi rus mədəniyyəti, ədəbiyyatı, kinosu, baleti, teatrı yoxdur! Sadəcə, sivil dünyada yeri olmayan vəhşilər, qatillər, talançılar ölkəsi var!”

Hamısını Göstər

Related Articles

Back to top button