Putinlə Trampın GİZLİ SÖVDƏLƏŞMƏSİ – Ukraynanın yerinə…

Venesuela İraq və Əfqanıstanın taleyini yaşamağın bir addımlığındadır. ABŞ prezidenti Donald Tramp bu ölkənin hakimiyyətini xarici terror təşkilatı kimi tanıyıb. Bu barədə Ağ Ev sahibi özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, Venesuela ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən “tamamilə mühasirəyə alınıb” və Karakas Vaşinqtondan “oğurlanmış” neft və aktivləri geri qaytarana qədər bu hərbi aktivlik artacaq.
Göründüyü kimi, ABŞ 2001-ci ildə Əfqanıstana, bundan iki il sonra İraqa necə hücum etmişdisə, eyni ittihamları indi də Maduro hakimiyyətinə qarşı irəli sürüb, hücum üçün zəmin hazırlayır.
Bəs Maduro Səddam Hüseynin taleyini yaşaya bilərmi?

Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, Venesuela ətrafında vəziyyət gərginləşməkdədir:
“Birləşmiş Ştatların hərbi gücünü bu ölkənin həndəvərində artırması, ritorikasını sərtləşdirməsi, hətta açıq şantaja keçməsi hərbi toqquşma riskini artırmaqdadır. Trampın Venesuela barədə son paylaşımları təcavüz üçün əsas yox, sadəcə bəhanələrdir. Bu bəhanə ilə də müharibəyə başlamaq beynəlxalq hüququn daha bir kobud pozuntusu olacaq. Birləşmiş Ştatların məqsədi Venesuela hakimiyyətini devirmək, sözəbaxan yeni komanda formalaşdırmaq, zəngin təbii resurslarına sahib olmaqdır”.
Onun sözlərinə görə, Karakasın tərəfdaşları Rusiya və İrandır:
“Eyni zamanda, Çin və Hindistan da Venesuela ilə geniş bağlantıları var. Xüsusən də neft və kimya sənayesində kifayət qədər paya sahibdir. Trampı yaxınlığında yerləşən Venesuelanın rəqibləri hesab etdiyi Çin, Rusiya, Hindistan, İran kimi dövlətlərə geniş əməkdaşlığı da qıcıqlandırır. Ancaq Venesuela ilə Birləşmiş Ştatların birbaşa indiki dönəmdə hərbi toqquşmasını az ehtimal edirəm. Artıq Kremldən Maduronu tək buraxmayacağı barədə siqnallar verilib. Əgər Rusiya Ukrayna qarşılığında Trampla bazarlığa gedə bilsə, Maduro üçün təhlükə reallığa çevrilə bilər”./Musavat/
Polise.az



