Qəbələdə karantin rejimi ilə əlaqədar qapalı obyektlərdə reyd keçirilib, qaydaları pozanlar cərimələnib
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Qəbələ rayonunda vətəndaşların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, qapalı yerlərdə, mağazalarda, iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilib. Keçirilən tədbirlər nəticəsində bəzi obyekt sahibləri, alıcı və satıcılar tərəfindən tələblərə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb ki, onların barəsində intizam tənbeh tədbirləri görülüb.
İctimai nəqliyyatda aparılan yoxlamalar zamanı isə COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlərə rast gəlinib. Özləri və digərlərinin də sağlamlığı üçün qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.