“Qələbəmi Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr edirəm”.-FOTO
Xəbər verildiyi kimi Bakıda hərbçilər arasında “İdmanla dostluq” devizi altında güləş üzrə 36-cı dünya çempionatı keçirilir. Yarışı izləyənlər sırasında təmsil olunan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simaları ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edərək, güləşçilərimizin parlaq qələbələrini yüksək qiymətləndirirlər.
Dekabrın 3-dək davam edəcək bu yarışda 18 ölkədən müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançı mübarizə aparır. Həmçinin çempionatda 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakimlər qrupu yer alıb.
Azərbaycan milli yığmasının üzvləri üçün uğurlarla əlamətdar olan bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də millimizin heyətində uğurla çıxış edirlər. Onlardan Əli Rəhimzadə qızıl medal qazanıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə final görüşündə monqolustanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, müsahibəsində qələbəsini Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr etdiyini bildirib.
Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı, 1-ci kateqoriyalı beynəlxalq dərəcəli hakim Tural Əliyev də yarısda ədaləti qoruyan hakimlər sırasındadır. Təmsilçimizə yüksək etimad göstərilərək yarımfinal və final görüşlərini idarə etmək həvalə olunub.
Polise.az