Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri
Dekabrın 2-də dünya ictimaiyyəti Köləliyin Aradan Qaldırılması Gününü qeyd edir. AZƏRTAC xəbər verir ki, BMT 1949-cu il dekabrın 2-də köləliyə qarşı – insan alveri, cinsi istismar, uşaq əməyindən istifadə və modern quldarlıq təzahürləri əleyhinə qətnamə qəbul edib.
Uzun illər kölə alverinin mərkəzi Şərqi Afrika regionu olub. Amma bəzi Qərb dövlətləri müstəmləkə sərhədlərini genişlədərək, Şərqi və Cənubi Afrikadan da minlərlə insanı “Yeni dünyaya” daşıyıblar. Qərbin 1500-1800-cü illərdə təxminən 90 milyon afrikalını Atlantik okeanının o biri tayına apardığı bildirilir. Bundan başqa, milyonlarla insan köləliyə qarşı üsyan qaldırdığı üçün qətlə yetirilib.
XV əsrin sonlarında başlayan transatlantik kölə alverinin banisi Portuqaliya olub. Amerikanın kəşfi ilə birlikdə, Fransa, İngiltərə və Hollandiya da bu yarışa qoşulub. Amma müstəmləkəçilik və köləliyə qarşı etirazlar fonunda Britaniya imperiyası 1807-ci il martın 1-də köləliyə qarşı qanun qəbul edib.
XVII əsrdə fransız tacirlər fəal şəkildə kölə alverinə başlayıblar. Onların kölə qismində ələ keçirdiyi insanların sayı 2milyon nəfər olub. Müstəmləkələrdən kölələrin gətirildiyi və sonradan adalara göndərildiyi ən əsas məntəqələr Fransanın Nant və Bordo limanları olub. İnsanlığa qarşı bu cinayətlər əsrlər boyu davam edib.
XVII əsrdə Afrikada müstəmləkə quran ilk ölkə Hollandiya olub. Daha sonra almanlar və fransızlar da müstəmləkəçilik siyasətinə girişiblər. Afrikalıların böyük bir hissəsi fransızların Reunion adası və Morityusda olan şəkər qamışı plantasiyalarında qul kimi işlədilib. Fransada kölə alverinə qadınlar da qoşulub. Belə ki, dul fransız qadınları öz ərlərinin bu bədnam əməlini davam etdirib. Köləliyin ən dəhşətli mənzərəsi isə yenicə yaranan ABŞ-da olub. Burada Afrikadan gətirilən zəncilərə qarşı əmək istismarı ilə yanaşı, fiziki zorakılıq, işgəncələr də tətbiq olunub. 1865-ci il iyunun 19-da Avraam Linkolnun kölə alverini qadağan etməsindən əsrlər keçsə də, qaradərili Amerika vətəndaşları bu gün də irqi ayrı-seçkiliyə məruz qalırlar.
Müasir dövrdə Qərbin neokolonializm siyasəti fonunda Afrika qitəsində insanlara qarşı kölə münasibətinin davam etməsi, onların sərvətlərinin talan edilməsinə qarşı mübarizənin önündə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı dayanır. Prezident İlham Əliyev bu il oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində vurğulayıb: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən mən prioritetlərimi və fəaliyyətimi tarixi Bandunq prinsipləri üzərində quracağımı bəyan etdim. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin konfrans iştirakçıları qeyd etmişdilər ki, “Xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.
Polise.az