Qarabağ BMT-yə yox, Azərbaycana veriləcək və… nida işarəsi! – möhtəşəm təlimlərdə əsas hədəf
Konfliktin həlli üçün eksperimentlər zamanı keçib; “Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək münaqişəni uzatmaqdan başqa bir şey deyil…”
Azərbaycan və Türkiyə silahlı qüvvələri bölmələrinin ölkəmiz ərazisində birgə və irimiqyaslı təlimləri uğurla davam edir. Bu təlimlər, şübhə yox ki, Ermənistana və onun havadar(lar)ına “əzələ nümayişi” olmaqla bərabər, Azərbaycanın Qarabağ məsələsində yalqız qalmadığı, Bakıya heç vaxt təslimçi sülhü sırımağın mümkün olmayacağı barədə dünyaya verilən aydın mesajdır. Hədəflərdən biri də, təbii ki, qardaş ölkə ordusunun zəngin döyüş təcrübəsini Azərbaycan Ordusu ilə bölüşməkdir.
Bundan əlavə, sirr deyil ki, Türkiyə son illər özünün milli hərbi sənayesini uğurla qabağa apara bilib, silah alıcısı olan dövlətdən xeyli dərəcədə silah tədarükçüsü olan dövlətə, regional supergücə çevrilib. Uğurlar xüsusən də hərbi aviasiyanın, müasir PUA-lar və ağır zirehli döyüş sistemlərinin (tanklar və s.) istehsalı sahələrini əhatə edir. Bakı və Ankara birgə silah istehsalı üzrə əməkdaşlığı da dərinləşdirməkdədir. Bu barədə ötən fevralda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı əlavə sənədlər imzalanıb, yeni anlaşmalar əldə olunub.
Qardaş ölkənin Azərbaycana ən yüksək səviyyədə verdiyi siyasi-diplomatik dəstək də öz yerində. Rəsmi Ankara onu da açıq şəkildə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində hansı varianta qərar versə, Türkiyə qeyd-şərtsiz onun yanında olacaq. Davam edən ortaq hərbi təlimlər Ankaranın prinsipial və sərt mövqeyinin əyani təsdiqidir.
Söz düşmüşkən, Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Nazirliyin Twitter hesabından paylaşılan və rəsmi saytında yerləşən görüntülər bu sözlərlə müşayiət olunur: “Yürüyen birer dağız, coşkun seliz, tufanız. Kükreyen aslanlarız, deviz, ateşiz, kanız. Azerbaycan’da icra edilen TurAz Kartalı Tatbikatı planlandığı gibi başarıyla devam ediyor”.
Kadrlara əsasən motoatıcı bölmələr tankların müşayiəti ilə hücumu məşq edir, üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanan zirehli texnika şərti düşmən mövqelərinə doğru şığıyır. Dünəndən etibarən iki ölkənin digər hərbi bölmələrinin birgə təlimlərinə start verilib.
*****
İki qardaş ölkənin son möhtəşəm təlimləri, əlbəttə ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ciddi siqnaldır ki, nə qədər gec deyil, konfliktin həlli ilə bağlı konstruktiv təklif versinlər, mandatını aldıqları BMT TŞ-nin Qarabağa dair qətnamələri əsasında real “Yol xəritəsi” hazırlasınlar, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyub onlardan eyni dərəcədə güzəşt tələb etmək kimi yanlış taktikadan vaz keçsinlər. Çünki konfliktin həlli ilə bağlı eksperimentlər zamanı artıq keçib, müharibənin fitili hər an çəkilə bilər.
Maraqlıdır ki, bu arada ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland Dağlıq Qarabağın qeyri-müəyyən müddətə BMT protektoratı altına verilməsi təklifi ilə çıxış edib. Onun fikrincə, hazırkı məqamda bu, ən məqbul yol olardı.
Ancaq Azərbaycan daha bir neçə (on) il, bu dəfə BMT protektoratlığı adı ilə Dağlıq Qarabağın itirilməsinə dözə, öz ərazi bütövlüyünü şübhə altına qoya bilməz. Bu, işğal rejiminin işğalçının xeyrinə bir az da uzanması və İrəvanın özünü daha arxayın hiss etməsinə, hətta Naxçıvana ərazi iştahının güclənməsinə, Bakının Qarabağ probleminin hərbi yolla həll hüququnun əldən çıxmasına gətirərdi. Hansı hüququ ki, bizə elə BMT-nin nizamnaməsi verir. Bundansa, daha yaxşı olmazmı təşkilat elə öz qərarlarının icrasına nail olsun?
*****
“Dağlıq Qarabağ münaqişəsi BMT-nin problemidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunun sübutudur. Lakin Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək qəbuledilməzdir”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli amerikalı diplomatın təklifini şərh edərkən deyib. O, Bakının konfliktin həllinə yanaşmasının daha konstruktiv olduğunu xatırladıb: “Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, bir sıra həllər təklif edən ”Madrid prinsipləri” mövcuddur. Lakin Ermənistan tərəfi BMT TŞ-nin qətnamələrini saymaması azmış kimi, Azərbaycana qarşı bu gün yeni torpaq iddiaları ilə çıxış edir. Digər tərəfdən, Ermənistanın münaqişənin həllinə dair yanaşması da məlumdur. Rəsmi İrəvan sayı 60 min belə olmayan Dağlıq Qarabağ ermənilərinin “müqəddəratının” tanınmasını istəyir. Bu olduqda isə Dağlıq Qarabağ bir il tamam olmadan Ermənistana birləşmək üçün referendum keçirəcək və öz müqəddəratını rəsmi İrəvanın istəyi əsasında həll edəcək. Bu, münaqişənin real həll yolu deyil. Ermənistan məsələyə destruktiv yanaşır.
Azərbaycanın münaqişənin həllində təklif etdiyi yol ən konstruktiv yoldur. Dağlıq Qarabağa Azərbaycan daxilində geniş muxtariyyət verilməsi, 1 milyona yaxın qaçqının öz torpaqlarına qaytarılması ən humanist yanaşmadır. Baxın, bu gün dünyanın fərqli yerlərində Dağlıq Qarabağdan çox erməni yaşayır. Misal üçün, Kaliforniya ştatında 1 milyondan çox erməni yaşayır. Belə çıxır, ABŞ Kaliforniyada ermənilərə öz müqəddəratını tanımaq hüququ verməlidir?! Bəs Azərbaycan niyə bu güzəştə getməlidir? Azərbaycanın məsələyə münasibəti birmənalıdır: ərazi bütövlüyünün təmini, didərgin düşən vətəndaşlarımızın Qarabağa qaytarılması şərti ilə Dağlıq Qarabağa geniştərkibli muxtariyyət verilə bilər”.
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək münaqişənin uzanmasından başqa bir şey deyil: “BMT bu kimi təklifləri Kəşmir, Fələstin münaqişələrinin həlli üçün də etmişdi. Təklif edilən sülh paketində Fələstində İsrail və Fələstin dövlətlərinin yaradılması, Qüds şəhərinin BMT protektoratı altına verilməsi öz əksini tapırdı. Lakin BMT ən güclü olduğu vaxtlarda belə bu kimi bir həll yolu işə yaramadı. Digər tərəfdən, bu gün Dağlıq Qarabağda 1 azərbaycanlı belə yaşamır. Bu reallıq heç zaman unudulmamalıdır. Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi kimi şirnikləşdirici təkliflərlə bizi aldatmaq lazım deyil. Bizim münaqişənin həllində təkliflərimiz bəllidir. 30 ildir bunu deyirik. Lakin daha 30 il demək fikrimiz yoxdur. Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək məsələsi isə müzakirə mövzusu belə, ola bilməz”.
*****
Əslində konfliktin dinc həlli üçün baş sındırmağa, yaxud təzədən “velosiped kəşf etməyə”, BMT-ATƏT-ə ehtiyac yoxdur. Ən məqbul format 2+2 formulu, yəni Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan “dördlüyü” ola bilərdi. Əks təqdirdə Bakı “düyünü” özü, cərrahi yolla kəsməli olacaq. Hər halda, təcrübədən məlumdur ki, vasitəçilər nə qədər çoxdursa, problemin çözümü bir o qədər düyünə düşür.
Enində-sonunda Qarabağ Azərbaycana qaytarılacaq və… nida işarəsi! Qardaş Türkiyə ilə davam edən möhtəşəm təlimlərin əsas anonsu məhz budur…