Qarabağda ermənilər niyə tərk-silah edilmir? – Kremlin planı
“Rusiya Xankəndi və ətraf əraziləri qapalı məkana çevirir”
“Gələcəkdə prosesi uzatmaq istəyirlər ki, bölgədə mövcudluğunu qoruyub saxlaya bilsinlər”
“Çünki Türkiyə addım-addım Azərbaycanda möhkəmlənir”
Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixində Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Məlum telefon danışığını “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor Sabir Məmmədlinin sözlərinə görə, Rusiyanın davranışı onu sübut edir ki, onlar istənilən halda öz maraqlarını güdürlər:
“Rusiya lazım olan məqamda Ermənistanın, başqa zaman isə Azərbaycanın xeyrinə addım atırmış kimi görüntü yaradır. Lakin istənilən məqamda başa düşürük ki, Kreml bütün imkanlardan istifadə edib postsovet məkanında güclənməyə çalışır. Putin də bunu xüsusilə vurğulayırdı. Cəmiyyətimiz başa düşmür ki, Azərbaycan istənilən halda öz maraqlarından çıxış etməlidir. Xankəndi və ətraf ərazilərdə ermənilərin silahsızlaşdırılmaması Rusiya tərəfindən düşünülmüş qaydada həyata keçirilir”.
S.Məmmədli qeyd edib ki, Rusiya qoşunları bizim üçün problem yaradırlar:
“Bu problemdə əsasən ondan irəli gəlir ki, Rusiya boynuna götürdüyü öhdəlikləri yerinə yetirmir. Üstəlik Xankəndi və ətraf əraziləri qapalı məkana çevirərərək, gələcəkdə prosesi uzatmaq istəyirlər ki, bölgədə mövcudluğunu qoruyub saxlaya bilsinlər.
Cəmiyyətimiz aldanmalı deyil. Ruslar istənilən sahə və məkanlarda imperiya maraqlarından kənara çıxmaq istəmirlər.
Bu da bizim kimi dövlətlərə təsir etməməlidir. Çünki müstəqil ölkəyik. Türkiyə addım-addım Azərbaycanda möhkəmlənir. Buna şərait yaratmaq lazımdır. Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsindən çəkinmək lazım deyil. Təəssüf ki, belə qərar qəbul olunmayıb.
Qardaş ölkənin Azərbaycanda hərbi bazası yaradılmalıdır. Şəhidlərimiz və qazilərimizin qanı bahasına torpaqlarımızı azad etmişik, amma Rusiya həyasızlıq nümayiş etdirir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir. Çalışmalıyıq ki, Rusiyanı netrallaşdıraq. Cəmiyyət olaraq inadkarlığımızı ortaya qoymalıyıq”